106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında məntəqə üzvləri üçün treninqlər başlamışdır.Dairə seçki komissiyasının sədri Xəqani Vəliyev AzərTAc-a bildirmişdir ki, maarifləndirici məqsəd daşıyan treninqlərdə bütün məntəqə sədrləri, katibləri və üzvləri mərhələ-mərhələ iştirak edəcəklər. Treninqlərdə Məntəqə Seçki Komissiyanın (MSK) treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunacaq müxtəlif prosedurlarla bağlı məşğələlər keçilir, "Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması" mövzularında müzakirələr aparılır.
Treninq çərçivəsində aşağı seçki komissiyasının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılırlar. Həmçinin treninqlər zamanı hər bir məntəqə seçki komissiyasının üzvünə "Seçki günü üçün yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunacaqdır. Treninqlərin sonunda MSK-nın hazırladığı, səsvermə günü seçki məntəqəsində icra olunacaq hərəkətləri özündə əks etdirən videofilmin nümayiş etdiriləcəyi də nəzərdə tutulmuşdur.
AzərTAc