"Hesab edirəm ki, Azərbaycan qısa zaman kəsiyində böyük sənaye ölkəsinə çevriləcək. Bu gün Müdafiə sənayesində istehsal etdiyimiz silahlar artıq dünyanın bir çox ölkələri tərəfindən bəyənilir və alınır. Ölkə Prezidenti cənab İlham Əliyevin platforması məhz bundan ibarətdir. Amma müxalifətin heç nəyi yoxdur. Ona görə də müxalifət dairələri şər, böhtan, qarayaxma kampaniyası ilə məşğuldur". Bunu SİA-ya Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı müxalifətin pafoslu çıxışlarına münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, müxalifətin əxlaqa zidd, qeyri-etik hərəkətlərini bütün Azərbaycan vətəndaşları görür və bilir: "Təbii ki, bütün bu hallar bizdə təəssüf doğurur. Müxalifətin çıxışlarını dinləyən insanlar onların səviyyəsizliyini bir daha dərk edir. Bu mənada hesab edirəm ki, onların hər bir addımı özlərinin ziyanına işləyir".Fəzail Ağamalı deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətçi, dövlət xadimi olması ölkəmizi son 10 ildə dünyanın ən güclü ölkələri səviyyəsinə qaldırıb. Artıq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ölkəmiz MDB dövlətləri içərisində ən güclü orduya malikdir. Eləcə də iqtisadiyyatımız inkişaf edir və əhalinin sosial vəziyyəti durmadan artır. Bununla belə, yeni-yeni infrastruktur layihələri işlənib hazırlanaraq həyata keçirilir. Gəmiqayırma zavodunun istifadəyə verilməsini buna nümunə olaraq göstərə bilərik. Biz bu zavodun açılışını bəlkə də xəyal edirdik. Amma bütün bu reallıqlar onu deməyə əsas verir ki, ölkəmiz həqiqətən də günü-gündən inkişaf etməkdədir".
sia.az