YAP Quba rayon təşkilatının görüşləri davam edir
Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Quba rayonunda da yüksək səviyyədə aparılır. Dünən YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev və Milli Məclisin deputatı Yevda Abramov Quba rayonunun Zərqova və Çiçi icra ərazi dairələrində seçicilərlə növbəti görüşlər keçirmişlər.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Yevda Abramov bildirib ki, Azərbaycanın günü-gündən daha sürətli inkişafının hər birimiz həyatımızda, yaşayışımızda hiss edirik: "Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi göz önündədir. Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi danılmaz faktlardır. Məhz buna görə də biz yenidən Cənab İlham Əliyevi prezident kimi görmək istəyirik".
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev söyləyib ki, YAP-ın namizədi Cənab İlham Əliyev qələbəyə layiq tək namizəddir: "Cənab İlham Əliyevin 10 ildə Prezident olaraq gördüyü işləri saymaqla bitirmək mümkün deyil. Azərbaycanın uğurlu inkişafı Onun gördüyü işlərin nəticəsi idi. Bu uğurları yüksək dəyərləndirən xalqımız 9 oktyabrda YAP-ın namizədinə səs verəcək".
Görüş zamanı çıxış edən seçicilər, ötən prezident seçkisində olduğu kimi, bu seçkidə də Cənab İlham Əliyevi dəstəkləyəcəklərini və Ona səs verəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Möhtərəm İlham Əliyev bütün siyasi fəaliyyəti ilə mənəvi dəyərləri, milliliyi qoruyan dövlət başçısıdır. Eyni zamanda, dünyəviliyi, müasir inkişafı dəstəkləyən bir Liderdir. Bu böyük siyasi xadim xalqımız tərəfindən hər zaman dəstək alıb və bundan sonra da bu dəstəyi alacaq.
Cahid Süleymanov