Dünən Yeni Azərbaycan Partiyasının Nəsimi rayonu üzrə Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində Nəsimi rayon sənaye müəssisələri işçiləri ilə görüş keçirdi.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın 10 ildə əldə etdiyi uğurlu inkişafını qeyd edərək, bildirdi ki, bu nailiyyətlər ölkə vətəndaşlarının rifah halının yüksəlməsinə, ölkənin, sağlam cəmiyyətin inkişafına səbəb olub: "Ölkəmizdə icra olunan dövlət proqramları demək olar ki, bütün sahələri əhatə edib. Azərbaycanda aparılan quruculuq-abadlıq işləri, islahatlar, yeni yolların salınması, yeraltı keçidlərin, körpülərin tikintisi və s. ölkənin ümumi mənzərəsində böyük dəyişikliklərə səbəb olub. Bütün bunlar dövlət başçısının bir-birinin ardınca imzaladığı sərəncamların məntiqi nəticəsidir".
M.İbrahimqızı 2003-cü ildə prezident seçkilərində xalqın iradəsi ilə parlaq qələbə qazanan Cənab İlham Əliyevin 10 illik fəaliyyətində Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini bildirdi: "Azərbaycanın dünyada ən yüksək reytinqə malik siyasətçilərdən olan Cənab İlham Əliyevin bu seçkilərdə növbəti dəfə xalqın etimadını qazanmaq şansı kifayət qədər yüksəkdir. O, bu şansı ötən 10 ildə gördüyü işlər, həyata keçirdiyi uğurlu islahatlar və bütün sahələrdə əldə edilmiş inkişaf göstəriciləri ilə qazanıb. Çıxışının sonunda rayon təşkilat sədri seçiciləri 9 oktyabr prezident seçkilərində daha fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının ADNA-nın ərazi ilk partiya təşkilatının sədri, rayon seçki qərargahının prezident seçkiləri üzrə təşviqat qrupunun üzvü Tamilla Naibova ölkəmizin dinamik inkişafından, Azərbaycanın son 10 illik sosial-iqtisadi inkişafındakı uğurlarından danışdı: "Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də daxili istehsal və neft sənayesinin inkişafı olmuşdur. Regionların sosial-iqtisadi inkişafı, yeni iqtisadiyyat strategiyası çərçivəsində yeni iş yerinin açılması, özəl sektorun inkişaf etdirilməsi, müasir və Avropa standartlarına uyğun infrastruktur böyük uğurların əldə edilməsi Azərbaycanın inkişafına səbəb olub".
Çıxışının sonunda T.Naibova Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə təmsil edən Cənab İlham Əliyevin prezident seçkilərində alternativsiz Lider olduğunu əməli fəaliyyətində təsdiqlədiyini bildirdi. O, tədbir iştirakçılarını Cənab İlham Əliyevə səs verməyə çağırdı və mövcud reallıqları nəzərə alaraq seçicilərin düzgün seçim edərək layiqli namizədə səs verəcəklərinə inandığını bildirdi.
Görüşdə iştirak edən seçicilər ölkəmizdəki mövcud durumu, iqtisadi inkişafı, siyasi sabitliyi, əmin-əmanlığı əsas götürərək qüdrətli Azərbaycanın gələcək inkişafını - Cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildirdilər.
NƏZAKƏT ƏLƏDDİNQIZI