Səbail rayon qadınları Cənab İlham Əliyevin alternativsiz namizəd olduğunu bildirirlər
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı qadınlar şurasının sədri Nübar Muxtarovanın rəhbərliyi ilə 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar hakim partiyanın namizədi, Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirilib. Görüşdə YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov da iştirak edib.
YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Nübar Muxtarova qadın seçiciləri salamlayaraq, onları birmənalı şəkildə 9 oktyabrda keçiriləcək seçkilərdə Cənab İlham Əliyevə səs verməyə çağırıb: "Dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il Azərbaycan üçün tarixi bir məqamdır. Həmin bu 10 il ərzində ölkəmiz günü-gündən inkişaf edib və gözəlləşib. Biz hər zaman olduğu kimi YAP-ın Sədri, Cənab İlham Əliyevin ətrafında birləşmişik. 9 oktyabrda biz öz qələbəmizi bayram edəcəyik. İnanıram ki, bu qələbə yüksək faizlə olacaq. Son 10 il ərzində, yəni 2003-cü ildən bu yana ölkəmizdə xeyli sayda uğurlar və nailiyyətlər əldə edilib. Bütün Azərbaycan vətəndaşları öz vətəndaşlıq borcunu yerinə yetirməklə 9 oktyabrda öz səslərini Cənab İlham Əliyevə verməlidirlər. Hətta belə bir misal da var ki, "xalqın gözü tərəzidir". Ümummilli Lider Heydər Əliyev bizim bugünki dövlətçiliyimizin və müstəqilliyimizin memarıdır. Bu uğurlu siyasi kursu Cənab İlham Əliyev isə uğurla davam etdirir".
Daha sonra Aliyə Təhmasib, Təranə Muradova, gənclərdən Xanım Yaqubəliyeva və başqalırı çıxış edərək bildiriblər ki, nə qədər ki, Azərbaycan və onun xalqı yaşayacaq, Ulu Öndər Heydər Əliyevin gördüyü işlər də bir o qədər yaşayacaq. Natiqlər Azərbaycan dövlətinin son 10 il ərzində necə inkişaf etdiyindən və dövlətimizin bütün sahələrdə qazandığı uğurlardan söhbət açıblar. Bildirilib ki, hər kəs bir nəfər kimi 9 oktyabrda müəyyən olunmuş məntəqələrə gələrək, Cənab İlham Əliyevə öz səsini verib, Azərbaycanın qələbəsini təmin etməlidir.
YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov "Kaspi" qəzetinə verdiyi müsahibəni xatırladaraq bildirib ki, Xalq Cəbhəsi Qorbaçovun törəməsi, "ölü doğduğu övlad"dır: "Bu törəmələr də öz rollarını oynayaraq, Azərbaycanı çox ağır vəziyyətə saldılar. Hakimiyyətə gəldilər, ancaq cəmi 11 ay ömürləri oldu. Xalq onlara öz yerlərini göstərdi. Sonra parçalana-parçalana bu günə gəlib çıxdılar. İndi də bir-birinin üzünə durur, öz mənafeyi naminə hər vasitəyə əl atırlar".
Zahid Qaralov onu da vurğuladı ki, hazırda ölkəmizin hər bir yerində, bölgəsində gedən inkişafın, aparılan uğurlu islahatların şahidi ola bilərik: "Bura tək paytaxt Bakını deyil, eləcə də Azərbaycanın ən ucqar kəndlərini şamil edə bilərik. Əminik ki, məhz sizlərin dəstəyi ilə hakim partiya yenə də qalib olacaq".
R.HÜSEYNOVA