PDF Oxu

Siyasət

  • 8

Biz uğurlu inkişafın memarı Cənab İlham Əliyevə səs verəcəyik!

Biz uğurlu inkişafın memarı Cənab İlham Əliyevə səs verəcəyik!

Xalqımız çox böyük tarixi siyasi hadisə qarşısındadır. Oktyabrın 9-da hər bir Azərbaycan vətəndaşı seçki məntəqəsinə gedərək, növbəti 5 il üçün dövlət başçısının seçilməsinə səs verəcək. Sözsüz ki, artıq hər bir Azərbaycan vətəndaşı üçün alternativsiz, yeganə şanslı namizəd məhz Cənab İlham Əliyevdir. Onun Azərbaycan Prezidenti kimi son on il ərzində ölkəmizin inkişafı üçün gördüyü əzəmətli işlər, əldə etdiyi böyük uğurlar deməyə tam əsas verir ki, xalqımız oktyabrın 9-da məhz Cənab İlham Əliyevə səs verəcək. Bu qədər uğurlu inkişafın, qazanılan böyük qələbələrin memarı məhz İlham Əliyevdir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi böyük siyasətin uğurlu davamçısı olan İlham Əliyev, gördüyü tarixi işlərlə xalqın haqlı rəğbətini və etimadını qazanıb. Onun "Mən bütün azərbaycanlıların Prezidenti olacam" deyimini, indi ölkənin bütün bölgələrində yaşayan insanlar daha aydın və həssas şəkildə hiss edirlər və yüksək qiymətləndirilər. Hörmətli İlham Əliyevin digər bölgələr kimi Masallı rayonuna olan diqqət və qayğısını da xüsusi olaraq qeyd etmək istəyirəm. Hörmətli Prezidentin Masallıya son səfəri, yeni-yeni istehsal obyektlərinin açılışlarında iştirak etməsi, əhali ilə səmimi və işgüzar görüşlər keçirməsini indi bütün Masallı zəhmətkeşləri minnətdarlqla xatırlayırlar. Masallı şəhərinin Talışxanov küçəsində yenidən qurulmuş Nizami Gəncəvi Parkında Nizami Gəncəvinin yeni abidəsinin açılışında möhtərəm İlham Əliyevin rayon sakinləri ilə apardığı səmimi söhbət, hər bir Masallı sakini üçün daha yaxşı işləmək, böyük uğurlar qazanmaq üçün böyük stimul oldu. Hazırda biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. Çünki Masallıda gedən işlər, həyata keçirilən yeni-yeni layihələr, rayonda əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülmüşdür. Rayonun inkişafına daim diqqət göstərilir. Əvvəlki illərdə Olimpiya İdman Kompleksi tikilmiş, göz xəstəxanasının filialı açılmış, digər layihələr icra edilmişdir. Şəhərdə abadlaşdırma, abadlıq-quruculuq işləri gedir. Son illərdə Masallıda iyirmidən çox məktəb tikilib, bir sıra məktəblər təmir edilmişdir. Bu, da çox vacibdir. Kənd yollarının tikintisi layihələri indi qarşıda duran əsas işlər sırasındadır. Son yeddi ildə Masallıda ümumi məhsulun buraxılışı iki dəfə artmışdır. Yəni, bu, onu göstərir ki, iqtisadi sahədə də irəliləyiş vardır, iş yerləri açılır, yeni müəssisələr yaradılır və kənd təsərrüfatının inkişafı üçün kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, istənilən sahədə konkret proqramlar icra olunur və Masallının inkişaf proqramı, əlbəttə ki, xüsusi diqqət altındadır. Ölkəmizdə bütövlükdə bütün bölgələrdə regional inkişaf proqramı icra edilir, o cümlədən, Masallı rayonunda. Bütün bu uğurların bir memarı var,-o da möhtərəm İlham Əliyev! Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Çünki beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də, BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Odur ki, Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğudur. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur. Belə ki, bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu nailiyyət Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Təbii ki, Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biri ölkəmizin dinamik inkişafıdır. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açıb. Bütün bu uğurların kökündə dayanan əsas amil 1993-cü ildən sonra Azərbaycanda formalaşmış yeni siyasi kursdur. Azərbaycan cəmiyyəti Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu kursu ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsil vətənpərvər və qurucu lider əzmi ilə çalışan Prezidentdir. Yeni Azərbaycan Partiyasının V qurutlayında Prezident İlham Əliyev deyib: "Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu Öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim". Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 10 ilə yaxın dövrdə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, bir milyondan artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin 50 faizdən 6 faizə düşməsi bunun bariz təsdiqidir. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib və ona görə bu siyasətin davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur. Prezident İlham Əliyevin yürütdüyü siyasətin dəstəklənməsi həm də onun nəzəriyyəçidən daha çox praktik olması ilə şərtlənir. O, inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Müstəqil Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu dövrün reallıqları həm də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin, ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir. Prezident İlham Əliyevin son 10 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsil mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Modernləşmə xəttinin lideri olan Prezident İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır. Elə dövlət başçısı İlham Əliyevin YAP-ın qurultayındakı proqram xarakterli çıxışı inkişafımızın növbəti hədəflərini müəyyən etməklə ölkəmizi qarşıda gözləyən yeni, daha əzəmətli uğurlara hamımızın inamını artırır. Prezidentin qarşıya qoyulan vəzifələr və onların yerinə yetirilməsilə əlaqədar fikirləri onun bariz ifadəsidir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Bütün Azərbaycan vətəndaşları kimi, Masallı əhalisi də oktyabrın 9-da yeni inkişafın, uğurlu gələcəyin təminatı olan Möhtərəm İlham Əliyevə səs verəcək. Gələcəyimiz üçün, Azərbaycanımızın xoşbəxtliyi üçün hər birimiz Cənab İlham Əliyevi dəstəkləyəcəyik!

Şirvan Əbilov,

Prezident təqaüdçüsü

Digər xəbərlər