"Hesab edirəm ki, müxalifət öz çıxışlarını, söylədiyi hər bir fikri sağlam düşüncələr əsasında qurmalı və ictimaiyyətə çatdırmalıdır. Eləcə də onlar sağlam tənqid yolunu tutmalı və dövlətin inkişafına kömək etməlidirlər. Bununla belə onlar öz konstitusion hüquqlarından düzgün istifadə edərək, sağlam təfəkkür nümayiş etdirməlidirlər". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli müxalifətin pafoslu çıxışlarına, şərəf ordeninə layiq görülən insanların təhqir olunması məsələsinə münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, bu gün müxalifət öz ampulasındadır: "Onlar öz zəifliklərini ört-basdır etmək üçün məhz bu cür radikal düşüncə tərzindən çıxış edirlər. AXCP-nin bir illik hakimiyyəti dövründə xeyli sayda insan mükafatlandırılıb və böyük dövlət postlarına gətirilib. Mənim sadəcə olaraq müxalifətə yazığım gəlir. Müxalifət pafoslu çıxışlar edərək 9 oktyabr prezident seçkilərində qalib gələcəyini deyir. Cəmil Həsənli, sən bu mitinqlərə istər 400-500 nəfər topla, yenə də qalib gələ bilməyəcəksən. Axı niyə siz həm özünüzü, həm də xalqı aldatmaqla məşğulsunuz?"Tahir Kərimli bildirib ki, hətta Sərdar Həmidov öz qardaşı İsgəndər Həmidova tövsiyyələr etdi ki, müxalifətə qoşulmaq lazım deyil: "Lakin İsgəndər Həmidov yenə də öz qardaşına qulaq asmadı. Bunlar bir şeyi dərk etmirlər ki, Azərbaycan hakimiyyəti eyni metodu onlara qarşı tətbiq edə bilər. Axı təhqir, şər, böhtan, qarayaxma kimə lazımdır? Bu mənada mənim onlara çox yazığım gəlir".
sia.az