"Azərbaycanda seçki prosesinin ədalətli keçirilməsi üçün hər bir şərait yaradılıb". Bu sözləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu seçkiqabağı ölkədə aparılan təbliğat-təşviqat kampaniyasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təbliğat-təşviqat kampaniyası uğurla davam edir: "Ölkəmizdə 9 oktyabrda keçiriləcək prezident seçkiləri ölkə xaricində də maraqla qarşılanır. Xarici ölkələrdən olan nümayəndələr seçki prosesini izləmək üçün ölkəmizə gəlir, müxtəlif görüşlər keçirirlər. Onlar seçki prosesinə hazırlıq, təbliğat-təşviqat kampaniyası ilə bağlı vəziyyətlə yaxından tanış olur, bununla bağlı qeydlərini aparırlar. Hesab edirəm ki, ölkəmizdə demokratik, şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Hazırda namizədlər təbliğat-təşviqat işləri ilə məşğul olurlar. Bu proses də öz şəffalığı ilə göz önündədir".Açıqlaması zamanı ölkə əhalisinin seçkilərə hazırlıq məsələsinə də toxunan E.Mirbəşiroğlu bildirib ki, əhalidə seçki əhval-ruhiyyəsi yüksək səviyyədədir: "Seçicilərin seçkilərə marağı böyükdür. Bu marağı seçki günü hamımız görəcəyik. İnsanlar seçkilərin azad, demokratik keçiriləcəyinə əmindirlər. Onlar bu hüquqlarından istifadə edərək, sərbəst şəkildə öz seçimlərini edəcəklər. Seçicilər bugünkü inkişafın davamını istəyirlər. Bu siyasətin davamı isə yalnız ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə mümkündür. Ona görə də, ölkə əhalisi yekdilliklə Prezident İlham Əliyevə səs verəcək".
sia.az