PDF Oxu

Siyasət

  • 23

Gənclər davamlı inkişafa səs verəcək

Gənclər davamlı inkişafa səs verəcək

Son illərin uğurları fonunda dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi tanınan və nüfuz qazanan Azərbaycanı yaxın illərdə inkişaf etmiş ölkələr sırasında görəcəyimizə əminik

Müstəqil Azərbaycanımız bu gün biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Hər bir seçki prosesinin ölkənin inkişafında əhəmiyyətli rolunu nəzərə alsaq, uğurlarımızın təhlilinə böyük zərurət duyulur. Bu fakt inkaredilməzdir ki, Azərbaycanın hərtərəfli inkişafı hər bir sahə üzrə konkret proqramların mövcudluğundan, onların ictimaiyyət tərəfindən rəğbətlə və dəstəklə qarşılanmasından irəli gəlir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərə diqqət və qayğıdır.

Ulu öndər Heydər Əliyev bildirmişdir: "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır." Gənclərə diqqət və qayğı dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Mükəmməl təhsil almaq, həyatı dərindən öyrənmək, dünyada gedən prosesləri bilmək, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etmək gənclərin qarşısında mühüm vəzifə kimi qoyulurdu. Təhlil aparsaq görərik ki, əgər ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclərdir. Ötən əsrin 70-80-cı illərində minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini vermişdilər. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti yenidən formalaşmağa başlandı, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimizin müvafiq ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verildi. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarında, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşmələrində stimulverici amil idi. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ümummilli liderin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun xüsusi rol oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum ulu öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında I Forumun keçirildiyi tarix- 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlətin siyasətində əsas yer tutur. Bunun ardınca 1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyətində mühüm dönüş yaratmaqla, onların fəaliyyət istiqamətlərini genişləndirmələrində əhəmiyyətli rol oynadı.

1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi ulu öndər Heydər Əliyevin onlara diqqət və qayğısının bariz nümunələrindəndir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürmüşdür. YAP-ın II qurultayında çıxışı zamanı dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir ki, gərək partiyada gənclərin sayı daha çox olsun. Çünki gənclər bu partiyada birləşməlidir. Həmin çıxışında bir məqam da xüsusi vurğlanmışdır ki, bu günün gənclərinin Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövr keçməsindən xəbəri yoxdur. Onlara həmin dövrün reallıqlarının olduğu kimi çatdırılması vacib şərtdir. Partiyanın gələcəyinə böyük inamla yanaşan ulu öndər Heydər Əliyev bildirmişdir: " Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar."

Bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Partiyanın 600 mindən çox üzvünün 40 faizini gənclərin təşkil etməsini şərtləndirən amillər göz qabağındadır. Bu, gənclərin Heydər Əliyev ideyalarına sədaqətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamının təsdiqi olmaqla yanaşı, həm də bu reallığı təsdiqləyir ki, onlar YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər. Bir əsas məqamı da qeyd edək ki, YAP Gənclər Birliyinin yeni ofisi məhz 2011-ci ildə Prezident İlham Əliyevin ad günü ərəfəsində istifadəyə verildi. Təbii ki, bu da təsadüfi xarakter daşımır. Dövlət başçısının bu addımı gənclərə diqqət və qayğısının təzahürü kimi dəyərləndirildi. YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asuda vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək istərdik. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin biri-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən son parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizlərinin artırılması istiqamətində göstərdiyi səylər də bu diqqətin əsas tərkib hissələrindəndir. Dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixili sərəncamı ilə təsdiqlənən " 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" da Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. Xaricdə təhsil alan gənclərimiz eyni zamanda Azərbaycanın təbliğatçılarıdır. Onların təhsil aldıqları ali məktəblərdə ölkə həqiqətlərinin təbliğinə xidmət edən addımları da təqdir olunur. Belə ki, bu məqsədlə silsilə tədbirlər keçirilir, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətini özündə əks etdirən kitablar təqdim olunur. Dünya Azərbaycanlılarının 2011-ci ildə keçirilən III qurultayının iştirakçıları arasında gənclərin çoxluq təşkil etməsi də onların ölkə reallıqlarının təbliğinə göstərdikləri səylərdən qaynaqlanır.

Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edəcək. Qəbul olunan proqramda bütün həllivacib məsələlər öz əksini tapıb. Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması da əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Bir mühüm hadisəni də qeyd etmək önəmlidir ki, cənab İlham Əliyevin 2 iyul 2013-cü il tarixli fərmanı əsasında gənclər üçün Prezident Mükafatı təsis olundu. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədilə atılan bu addım gənclərimizdə böyük ruh yüksəkliyi yaradaraq, gələcək fəaliyyətlərini daha da genişləndirmələrinə stimul verəcək. Dövlət başçısı İlham Əliyevin Gənclərin VI forumunun iştirakçılarına məktubunda söylədiyi fikirləri bir daha xatırlatmaq istərdik: "Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir." Bu əminlik də ifadə olunmuşdur ki, gənclərin malik olduğu imkanlar qlobal dünyada insan kapitalının biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında əhəmiyyətini müzakirə obyektinə çevirməyə stimul verəcək. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

22 illik müstəqillik tarixmizdə ictimai fəal gənclərin 200-dən artıq QHT-də birləşməsi, Azərbaycan gənclər təşkilatlarının 30-dan artıq beynəlxalq gənclər qurumlarında təmsil olunması və 2007-ci ilin "Gənclər ili" elan edilməsi də dövlətimizin siyasətində gənclərə diqqət və qayğının prioritet məsələ olduğunu təsdiqləyir. Azərbaycan gəncləri dövlətimizin siyasətini dəstəkləyir, cənab İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəyə böyük inamla addımlayırlar. Gənclərimizin 9 oktyabrda keçiriləcək prezident seçkilərinin hər bir mərhələsində yüksək fəallıqları Azərbaycanın uğurlu gələcəyinə dəstəklərindən qaynaqlanır. Cənab İlham Əliyevə səs vermək davamlı inkişafa səs vermək deməkdir. Son illərin uğurları fonunda dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi tanınan və nüfuz qazanan Azərbaycanı cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf etmiş ölkələr sırasında görəcəyimizə əminik. Seçkilərdə fəal olaq, uğurlu gələcəyimizə səs verək.

Samirə Quliyeva,

YAP Siyasi Şurasının üzvü,

YAP Gənclər Birliyinin sədr müavini

yap.org.az

Digər xəbərlər