PDF Oxu

Siyasət

  • 9

Avropa Parlamentinin üzvü: "Ermənistan Dağlıq Qarabağdan geri çəkilməlidir”

Avropa Parlamentinin üzvü: "Ermənistan Dağlıq Qarabağdan geri çəkilməlidir”

"Mən və bir çox həmkarlarım Avropa Parlamentində beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlüksəzilik Şurasının 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 844 saylı qətnamələrinə hörmət olunmasının gərəkliyinin dəfələrlə vurğulamışıq. Ermənistan beynəlxalq hüquq çərçivəsində hərəkət etməli və ona görə də öz qoşunlarını Dağlıq Qarabağ regionundan geri çəkməlidir". SİA-nın məlumatına görə, bunu Avropa Parlamentinin Estoniyadan olan üzvü Kristina Oyuland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusunu cavablandırarkən deyib.O qeyd edib ki, 20 ildən artıq davam edən münaqişə nəticəsində 2013-cü ildə Cənubi Qafqazda bir milyona yaxın insan yenə də qaçqın vəziyyətindədir və öz evlərinə qayıda bilmirlər: "Məndə belə bir təəssürat yaranıb ki, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmır. Ötən il Avropa İttifaqı (Aİ) Nobel Sülh Mükafatına layiq görüldü və buna görə də "Avropa Qonşuluq Siyasəti" çərçivəsində sülhə töhfə vermək onun mənəvi borcudur. "Avropa Qonşuluq Siyasəti" ni həyata keçirmək və beynəlxalq hüquq çərçivəsində sülh prosesini sürətləndirmək üçün əlverişli şərait yaranıb".Avropa Parlamentinin üzvü bildirib ki, ötən illər ərzində Azərbaycan Avropa ilə münasibətlərdə şəffaflıq nümayiş etdirib: "Hər kəs başa düşməlidir ki, Cənubi Qafqazın geosiyasi mühiti çox mürəkkəbdir. Bu yalnız geosiyasi və strateji baxımdan deyil, həmçinin enerji təhlükəsizliyi və kəmərlərin şaxələnməsi baxımından da belədir. Sözsüz ki, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi əhəmiyyəti aşağı dəyərləndirilməməlidir. Azərbaycan inanılmaz iqtisadi yüksəlişə nail olmuş bir ölkədir. İqtisadi inkişafla yanaşı vətəndaş cəmiyyəti demokratik dəyərlərin dəstəklənməsi üçün daha çox resursa malik olur". Kristina Oyuland həmçinin əlavə edib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində nailiyyət əldə edə bilməyib: "Avropa İttifaqı 27 ölkəni təmsil edən Minsk qrupunun legitimliyini artırmaq iqtidarındadır. Eyni zamanda, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyəti Avropanın regiona marağının və Cənubi Qafqazın geostrateji baxımdan çox mühüm əhəmiyyət kəsb edən regionun fərqində olmasının göstəricisidir. Heç şübhəsiz, Aİ regiona xüsusi diqqət ayırmağa davam edəcək. Hazırda enerji təhlükəsizliyi Avropa İttifaqının siyasətinin əsas prioritetlərindən biridir. Əlbəttə, Transadriatik kəməri üzrə anlaşma bir sübutdur ki, Aİ və Azərbaycan istənilən siyasi konsensusu əldə edə bilərlər. Bundan başqa, 2014-cü ilin may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə enerji təhlükəsizliyinin və kəmərlərin diversifikasiyasının vacibliyi məsələsi siyasi debatlarda həlledici rol oynayacaq. Əminəm ki, TAP layihəsi vasitəsilə həm Azərbaycan, həm də Avropa öz maraqlarını uzlaşdıra biləcək və bu müştərək fikrin formalaşdırılmasına töhfə verəcək".

sia.az

Digər xəbərlər