9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Partiyanın Sabunçu rayonunun Bilgəh qəsəbə sakinləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP-ın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, hakim partiyanın Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev, millət vəkili Qalib Salahzadə və digər şəxslər iştirak edib.YAP-nın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək hər kəsi birmənalı şəkildə 9 oktyabr 2013-cü il tarixində ölkəmizdə keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb. Diqqətə çatdırılıb ki, son 10 il ərzində ölkəmiz inanılmaz dərəcədə inkişaf edib: "Həm paytaxt Bakıda, həm də bölgəmizin hər bir yerində abadlıq, quruculuq işləri aparılıb. Amma nədənsə bu inkişafı ölkəmizin uğurlarını gözü götürməyən və həzm edə bilməyən "Milli Şura"nın dırnaqarası üzvləri ölkəmizə qarşı qarayaxma ilə məşğuldur. Onlar bütün vasitələlərə əl ataraq özlərinə haqq qazandırmağa çalışırlar".Daha sonra millət vəkili Qalib Salahzadə isə deyib ki, müxalifətin bir illik hakimiyyəti dövründə Azərbaycanda bütün sahələr, infrastruktur bərbad vəziyyətdə idi: "Müxalifətin heç bir sosial bazası və tərfdarları yoxdur. Bunlar sadəcə olaraq özləri üçün müxalifətçilik edirlər. Bu insanlar xeyli sayda təşkilat yaradaraq insanları çaş-baş salmağa çalışırlar. Ən qəribəsi isə odur ki, "Milli Şura"nın adı var, özü yoxdur. Hətta bunların lideri Rüstəm İbrahimbəyov aradan çıxaraq yox oldu. Cəmil Həsənliyə gəldikdə isə deyə bilərəm ki, bu insandan heç bir zaman gözləməzdim ki, "Milli Şura" adlı quruma keçsin və onların sözü ilə oturub, dursun. Bunların fəaliyyəti Azərbaycan dövlətinə ziyan vurmağa hesablanıb. Bugünkü gün üçün cənab Prezident İlham Əliyevə alternativ heç kəs yoxdur".Sonda isə bir qrup sakin təbliğat- təşviqat kampaniyası ilə bağlı fikirlərini bölüşüb.
sia.az