Bütün bölgələr kimi Qubada da seçicilər yalnız Cənab İlham Əliyevi dəstəkləyir
Hər bir ölkənin tarixində prezident seçkiləri xüsusi yer tutur. Çünki seçki günü mühüm və məsuliyyətli gündür. Azərbaycanda da bu ilin 9 oktyabr tarixi belə bir önəmli günlərdən sayılır. Bu ilki prezident seçkilərinin təbliğat və təşviqat kampaniyası mərhələsində Yeni Azərbaycan Partiyası möhtəşəm aktivlik və yorulmaz fəallıq göstərir. YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğatı da təşviqatı ən yüksək səviyyədə aparılır. Təbii ki, bu kampaniya ölkəmizin bütün bölgələrində davam edir. Belə ki, YAP-ın namizədi Cənab İlham Heydər oğlu Əliyevin təbliğat- təşviqat kampaniyası Quba rayonunda da uğurla davam etdirilir. Bu məqsədlə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, Milli Məclisin deputatları Vahid Əhmədov və Yevda Abramov Quba rayonunda Susay və Alpan icra ərazi dairələrində seçicilərlə görüşlər keçirmişlər. Keçirilmiş görüşlərdə həmişəki kimi ruh yüksəkliyi müşahidə olunub.
Görüş zamanı seçicilər qarşısında çıxış edən YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirdi ki, ölkə başçısının uğurlu fəaliyyəti hər birimizə bəllidir: "Bizlər hamımız Prezidentimizin xüsusi diqqət və qayğısını görür və hiss edirik. Azərbaycan xalqının bütün nümayəndələri kimi qubalılar da Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti dəstəkləyirlər. Hər birimiz bu inkişafın davamlı olması üçün 9 oktyabrda YAP-ın namizədinə səs verəcəyik".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov qeyd etdi ki, Azərbaycanın sürətli inkişafı Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır: "Ölkəmiz sürətlə inkişaf edir. Bu inkişaf Azərbaycanın bütün sahələrində özünü göstərir. İnsanların rifahı günü-gündən daha da yaxşılaşır. Bu isə, təbii ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab İlham Əliyevin ağıllı, bacarıqlı, uzaqgörən siyasətinin nəticəsidir".
Görüşdə seçicilərlə söhbəti zamanı Milli Məclisin deputatı Yevda Abramov söyləyib ki, 9 oktyabr prezident seçkilərində Azərbaycan xalqı YAP-ın namizədinə səs verəcək: "Seçkilərdə xalqımız Cənab İlham Əliyevə səs verəcək. Çünki xalq yalnız YAP-ın namizədinə inanır və Onu dəstəkləyir. Qubalılar da digər bölgələrin əhalisi kimi Möhtərəm İlham Əliyevi dəstəkləyirlər. Biz bütün görüşlərimizdə bunun şahidi oluruq".
Daha sonra seçicilərdə öz fikirlərini bildirdilər. Onlar söylədilər ki, qubalılar yalnız YAP-ın namizədinə inanırlar və 9 oktyabrda Ona səs verəcəklər. Prezident İlham Əliyev bütün xalqımızın sevdiyi, inandığı və güvəndiyi Liderdir.
Cahid Süleymanov