Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayonu Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin seçiciləri ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Milli Oftalmologiya Mərkəzinin ərazi ilk partiya təşkilatının sədri Elmar Qasımov bildirdi ki, Azərbaycanın müstəqil dövlət kimi dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafı Ulu Öndər Heydər Əliyevin məqsədli fəaliyyəti nəticəsində reallaşıb:"Ümummilli Liderin uğurlu siyasətini layiqli şəkildə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son on illik dövrdəki fəaliyyəti ölkəmizin yeni inkişaf dövrü yaşamasına səbəb olub. Azərbaycanın sürətli iqtisadi inkişafı, məqsədyönlü islahatlar, uğurla icra olunan dövlət proqramları, bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafına da təsirini göstərməkdədir.Səhiyyədə aparılan uğuru islahatlar əhalinin sağlamlığının təminatına istiqamətlənib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır ". O, qeyd etdi ki, Azərbaycan səhiyyəsində əldə olunan uğurlar Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarının, ölkə səhiyyəsində islahatların aparılmasının məntiqi nəticəsidir.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək,bildirdi ki, xalqımız tarixi ictimai-siyasi hadisə olan 9 oktyabr prezident seçkiləri ərəfəsindədir.Sonra R.Göyüşov son on ildə ölkəmizin keçdiyi uğurlu, şərəfli yola nəzər saldı: "2003-cü ildə başlayaraq bu günə qədər 10 ildə müxtəlif sahələrdə görülən işlər Azərbaycanın inkişafına, iqtisadi uğurlarımıza, möhtəşəm layihələrin reallaşmasına, Azərbaycanın dünyaya inteqrasiya prosesinin sürətlənməsinə səbəb olub". Seçicilərə üzünü tutan rayon təşkilatın sədri 9 oktyabr tarixində onlara düzgün seçim edərək, Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə çıxış edən mərkəzin şöbə müdirləri Nübar Haşımova, Aytən Sultanova, Saləddin Məmmədov və başqaları xüsusi olaraq vurğuladılar ki, qəbul edilən müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işləri sürətlənib, əhaliyə göstərilən sosial xidmət yüksəlib, sosial infrastruktur layihələri həyata keçirilib. Qeyd olundu ki, Cənab İlham Əliyevə verəcəyimiz hər bir səs gələcək uğurumuz, rahat və firavan həyatımız Azərbaycanın müstəqilliyinin təminatıdır.
Tədbirin sonunda Milli Oftalmologiya Mərkəzinin ərazi ilk partiya təşkilatının sədr müavini Pərixanım Məmmədova çıxış edərək, bildirdi ki, 600 mindən çox üzvü olan YAP-ın sıraları genişlənməkdədir. Bu, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş, partiyanın Sədri Cənab İlham Əliyevin nüfuzundan irəli gəlir. P.Məmmədova vurğuladı ki, prezident seçkilərində xalqımız Cənab İlham Əliyevə səs verməklə, övladlarımın gələcəyinə, işıqlı sabahına səs verəcəkdi.
Sonra partiya sıralarına qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olundu və təşkilata yeni üzv olmaq istəyən əməkdaşların məsələlərinə baxıldı.
ZÜMRÜD BAYRAMOVA