Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatını təhlil edib və hesabatın əsassız olduğunu üzə çıxarıb.
Belə ki, ASKTM-in bununla bağlı qeydlərində bildirilir ki, son illərdə Azərbaycan Respublikasında siyasi vəziyyət böyük diqqətlə izlənilir. Ölkənin indiki vəziyyəti və gələcəyi bir çox aspektlərdə Qərb ölkələrinin siyasi və iqtisadi xadimlərində böyük maraq doğurur. Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası neft və təbii qaz ehtiyatlarına, eyni zamanda, dövlət ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalının təsirlərini dinc yolla aradan qaldırmaq sahəsindəki bacarıqlarını nümayiş etdirdiyinə görə daha çox mühüm işgüzar tərəfdaşa çevrilməkdədir: "Qeyd etmək lazımdır ki, sülh siyasəti Cənubi Qafqaz regionunda, hətta bütövlükdə Qafqaz regionunda müstəsna haldır, lakin şübhəsiz, bu siyasət Azərbaycan Respublikasının Dağlıq Qarabağ üzərindəki suverenliyindən imtina etməsi anlamına gəlmir."
2011-ci ilin payızında ASKTM-in Bakıda daimi ofisinin açıldığının və ekspertlər komandasının bir sıra aidiyyəti missiyalarının icra edildiyi barədə qeyd edilən hesabatda bildirilib ki, qurum növbəti missiyasını 2013-cü il oktyabrın əvvəlinə planlaşdırıb və oktyabrın 9-da prezident seçkilərində ölkədə müşahidə missiyasını icra edəcək.
ASKTM-in 9 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının cari vəziyyəti barədə ictimai hesabatının yayımlandığı xatırlanan hesabatda bildirilib ki, bu sənədin hazırlanması məqsədilə digər mənbələrdən başqa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun sənədləri çox diqqətlə araşdırılıb: "ATƏT/DTİHB-nin missiyasının (ehtiyacların qiymətləndirilməsi missiyası) hesabatına dair fikirlərimizi artıq 2013-cü ilin iyununda bildirmişik. ATƏT/DTİHB oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatını dərc etdirib. Biz sənədləri çox diqqətlə oxuduq və bəzi qeydlərimiz var. Əvvəla, qeyd etməliyik ki, ASKTM ATƏT/DTİHB-nin Bakı ofisinin nümayəndələri ilə təkrarən görüşməyə çalışsa da, müraciətlərimiz indiyə kimi cavabsız qalıb."
Hesabatın "Azərbaycan Respublikasının səyləri" başlıqlı hissəsində qeyd edilib ki, ATƏT/DTİHB ilk aralıq hesabatında qərəzə yol verib: "Aralıq hesabatında iki dəfə göstərir ki, 2010-cu ildə keçirilmiş seçkilərdə şikayətlər barədə qərar çıxarılması müddəti istisna olmaqla, Azərbaycan hakimiyyət qurumlarına verdiyi digər tövsiyələr icra edilməyib. Bu iddia diqqətimizi cəlb etdi. Azərbaycan Respublikası ATƏT-in 57 üzv dövlətindən biridir və onun təşkilatın ekspertlərinin az qala bütün tövsiyələrini rədd etməsi əməkdaşlığın olmamasının açıq-aşkar sübutu olardı."
Digər tərəfdən, yoxlanışlardan sonra aşağıdakı tövsiyələrin ciddi və rəsmi icra edildiyinin aşkar olunduğu qeyd edilən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin hesabatında göstərilir:
1. İnkluziv namizəd qeydiyyatı prosesini təmin etmək.
2. Dinc sərbəst toplaşma və ifadə azadlığı kimi əsas azadlıqlara hörmət edilən təşviqat müddətinə icazə vermək.
3. Seçki Məcəlləsi təmin etməlidir ki, yalnız müraciətlərin son tarixi bitdikdən və bütün müraciətlərə məhkəmələrdə baxıldıqdan sonra MSK yekun nəticələr protokolunu hazırlasın və təsdiq üçün Konstitusiya Məhkəməsinə ötürsün.
4. MSK cari iş təcrübəsini və xüsusilə, administrasiyası ilə işlərin bölüşdürülməsinə dair prosedur qaydalarını nəzərdən keçirməli və MSK-nın bütün üzvlərinin işləmək üçün zəruri məlumat və materialları əldə etdiyini təmin etməlidir.
5. Səsvermənin bərabərliyini təmin etmək məqsədilə seçki dairələrinin sərhədləri Seçki Məcəlləsinin 29.3.1-ci maddəsində tələb olunan qaydada yenidən elə çəkilməlidir ki, qeydiyyatlı seçicilərin sayında xətalar minimuma ensin və dairənin ölçülərində əhəmiyyətli xətalarla bağlı bir neçə cari hallar baş verməsin.
6. MSK aşağı instansiya komissiyalarının fəaliyyətini təkmilləşdirmək məqsədilə vaxtında tənzimləmələr qəbul etməli və həmin komissiyalara zəruri effektiv təlimlər keçməlidir.
7. Namizədliyin ləğvi müddəaları ləğvin səbəblərini azaltmaq nəzərdən keçirilə bilər, belə ki, bu səbəblərin bəzisi qeyri-mütənasibdir.
8. Seçki Məcəlləsinin 77, 80 və 83-cü maddələrinə düzəlişlərin edilməsinə baxıla bilər.
9. Yerli və beynəlxalq müşahidəçilərin seçki günü prosedurlarını izləmək hüququ təmin edilməlidir.
10. MSK bir neçə dairədə səsverməyə qarşı mühüm zəmanət olan barmaqların mürəkkəblənməsi prosedurunun ciddi və birmənalı şəkildə seçki komissiyası tərəfindən icra edildiyini təmin etməlidir.
11. Səsvermənin gizliliyinə riayət edilməsini təkmilləşdirmək üçün səylər göstərilə bilər.
Hesabatın "Azərbaycan Respublikasında media mühiti" başlıqlı bölümündə isə
aralıq hesabatda ATƏT/DTİHB-nin Azərbaycan Respublikasının mətbuat azadlığını sual altına qoyduğu qeyd olunub. Lakin ATƏT/DTİHB-nin bu qərəzinə qarşı da arqumentli əsas qoyan Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən bildirilib ki, Azərbaycanda media mühiti demokratik formada inkişaf edib: "Xatırladaq ki, bütün ölkə boyu yayım etmək üçün lisenziya almış özəl kanallar sayəsində son illərdə media mənzərəsi nəzərçarpan dərəcədə genişlənib. Əlbəttə, müşahidə missiyasının nəticələrini əldə etməmiş bu barədə hər hansı rəy bildirmək tezdir."
Onu da qeyd edək ki, ATƏT/DTİHB-nin birinci aralıq hesabatında qaldırılmış digər bir məsələ anonim əlaqələrin 8 jurnalistin guya fikir azadlığına görə həbsdə olması barədə şahidlik etməsidir. ASKTM isə öz hesabatında bildirib ki, bu 8 jurnalistin şəxsiyyəti ATƏT/DTİHB tərəfindən açıqlanmamışdır: "Həbs edilmiş jurnalistlərə gəldikdə, müsbət media yayımını nəzərə alsaq, bu ehtiyatlanma istəyi təəccüb doğurur. Öz növbəmizdə, biz hazırda həbsdə olan və ya rəsmi ittiham olunan doqquz jurnalist və fəalın (onlardan ikisi növbəti siyahıda 3-cü bənddə, digər 7 iş isə fərdi təqdim edilmişdir) məhkəmə işini müəyyən edə bilərik. İlk baxışda görünür ki, ittihamlar "fikir azadlığı cinayəti" deyil, adi ağır cinayətlərə görədir."
Növbəti sıralamada ATƏT/DTİHB-nın əsassız hesabatı bu cür ifşa olunub:
1. Hilal Məmmədov üzərində və evində tapılmış 33,475 qram qeyri-qanuni heroin saxlamaqda ittiham olunur. O, ittihamı inkar etməmiş, ancaq narkotik vasitənin "şəxsi istifadə" üçün olduğunu bildirmişdi. H.Məmmədov, həmçinin, dövlətə xəyanətdə ittiham olunur. Belə ki, o, İran İslam Respublikasının kəşfiyyat xidmətləri ilə casusluq fəaliyyətlərinə cəlb olunmuşdur. Bundan başqa, 2006-cı ilin aprel və oktyabr aylarında kütləvi informasiya vasitələrində açıq-aydın dövlətə nifrət və düşmənçilik salınması məqsədi daşıyan fəaliyyətlər göstərmişdir. 2012-ci il dekabr ayında onun işi istintaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə istintaqı davam edir.
2. "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bir neçə şəxsin şəxsi və işgüzar reputasiyalarına ziyan vura biləcək məlumatlarını nəşr etməklə onları şantaj etməkdə təqsirli bilinmişdir. O, eyni zamanda, böyük məbləğdə rüşvət almaqda, vergidən yayınma və məhkəmə qərarlarına riayət etməməkdə təqsirli bilinmişdir.
3. Tofiq Yaqublu və İlqar Məmmədov 2013-cü ilin yanvar ayında İsmayıllı şəhərində gərginliyi artırmaq və ictimai asayişi pozmaq məqsədilə polis məmurlarına qarşı həyata təhlükə törədəcək zorakılığın təşkilində, kütləvi iğtişaşdan istifadə, qəsdən şəxsi mülkün dağıdılması və digər qanunsuz hərəkətlər etməkdə ittiham olunurlar.
Bu işin ilkin istintaqı davam edir.
4. Fərəməz Allahverdiyev Bakı Şəhər Nizami rayon Məhkəməsinin 2012-ci il 22 avqust tarixli hökmü ilə kütləvi iğtişaşlara, habelə, vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin törədilməsində təqsirli bilinərək, 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
F.Allahverdiyev 2010-cu ilin noyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini Naxçıvan Muxtar Respublikasının ərazisindən müvafiq sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək Türkiyə Respublikasına getmiş, 2011-ci ilin oktyabr ayında yenə də dövlət sərhədini Naxçıvan Muxtar Respublikasının ərazisindən müvafiq sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır.
F.Allahverdiyev, həmçinin, internetdə Bakı şəhərində ictimai qaydanın kobud şəkildə pozulması, yanğınların törədilməsi, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara çağırışlar etmişdir.
5. Hüseynov Fuad silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq cinayətinin törədilməsində təqsirli bilinərək Ucar rayon Məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
F.Huseynov ona görə məhkum olunmuşdur ki, o, qərəzli xuliqanlıq hərəkətləri edərək iki nəfərə cib bıçağı ilə xəsarətlər yetirmişdir. F.Hüseynov qəsdən sağlamlığa az ağır zərərvurma, dələduzluq, xuliqanlıq, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərərvurma, məhkəməyə hörmətsizlik etmə və digər cinayətlərin törədilməsinə görə əvvəllər 5 dəfə məhkum olunmuşdur.
6. Əliyev Nicat qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı və dini məzmunlu məlumat materiallarını yayma, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, dövlət əleyhinə yönələn açıq çağırışlar və qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində ittiham olunmuşdur.
Hazırda barəsində olan cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir.
7. Araz Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2013-cü il tarixli hökmü ilə qanunsuz olaraq döyüş sursatı əldə etmə, saxlama və daşıma, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə, dini nifrət və düşmənçiliyin salınması, Azərbaycan Respublikasının dövlət bayrağı barədə təhqiredici hərəkətlər və hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə cinayətlərinin törədilməsində təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda A.Quliyev və digərləri barəsində olan cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılır.
8. Sərdar Əliyev (Əlibəyli) 2013-cü il 29 iyul tarixində, saat 22:00 radələrində əsaslı səbəb olmadan N.Əliyev ilə mübahisə edib, daş parçası ilə vuraraq N.Əliyevə bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Sərdar Əliyev 2013-cü il 1 avqust tarixində təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Hazırda onun barəsində cinayət işi üzrə istintaq gedir.
Azərbaycan Respublikasında qanunlar və demokratiya
ATƏT/DTİHB aralıq hesabatının 9-cu bəndində aydın olmayan şəkildə Cinayət Məcəlləsinə edilmiş son düzəlişləri və məlumat əldə etmə və ticarət sirlərinə dair qanunları sual altına qoyur. ATƏT/DTİHB-yə görə bu qanunvericilik dəyişiklikləri fikir azadlığına təhlükə ola bilər.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ATƏT/DTİHB-nin ilk aralıq hesabatının 3 saylı bəndində respublikanın hazırkı Prezidenti Cənab İlham Əliyevin üçüncü müddətə namizədliyini irəli sürə bilməsi faktını sual altında qoyduğunu bildirib : "Əvvəlki hesabatımızda qeyd etdiyimiz kimi, Konstitusiya ilə icraedici hakimiyyətin rəhbərinə verilən dəfələrlə seçilmək imkanı bir çox Qərb demokratiyaları tərəfindən tamamilə qəbul olunur. Böyük Britaniyaya gələndə, məsələn, baş nazirlər Marqaret Tetçer və Toni Bleyer hər ikisi üç dəfə ardıcıl olaraq seçkidə qalib gəlmişlər. Almaniyada kansler Angela Merkel hazırda vəzifəsinə ardıcıl üçüncü müddətə namizəddir, sabiq kansler Helmut Kol isə 16 il hakimiyyətdə qalmışdır. Ardıcıl olaraq iki dəfədən artıq vəzifələrini icra edən siyasi liderlərin sayı və ya nümunələri həqiqətən çoxdur".
Venesiya Komissiyasının özü Avropa Şurasının Siyasi Məsələlər və Demokratiya üzrə Komitəsinin tələbi ilə 2009-cu ildə hazırladığı hesabatda bununla razılaşır: "Müəyyən bir ölkədə mandatların məhdudiyyət prinsiplərinin təsiri və siyasi funksiyaların uzlaşmaması təkcə geniş konstitusiya və hüquqi ölçüdən deyil, əsasən, bu ölkədə hakimiyyət bölgüsü modelindən asılıdır". Bu nəticəni nəzərə alaraq, "əhatə olunan sahələrdə Avropa Şurasının bütün üzvlərinə tətbiq edilə biləcək ən yaxşı təcrübənin olmadığını" iddia edən komitə bu barədə assambleyaya qətnamə layihəsini təqdim etməyi uyğunsuz hesab edir.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi hesabatındakı "Müvafiq seçki prosesi - "Həssas geosiyasi kontekstdə" başlıqlı hissənində qeyd edib ki, Azərbaycan Respublikasının ətrafında olan geosiyasi kontekstdən asılı olmayaraq, heç kim oktyabrın 9-da başa çatacaq prezident seçkiləri ilə bağlı mövcud təşviqat kampaniyasını təhlil edə bilməz: "Hazırkı respublika keçmiş SSRİ-nin dağılmasından sonra yaranmışdır. Milli ərazinin böyük bir hissəsi - Dağlıq Qarabağ Ermənistan tərəfindən beynəlxalq hüququn pozulmasına baxmayaraq, hələ də işğal altındadır. Ölkə erməni işğalının səbəb olduğu bir milyon köçkünün yaratdığı böyük problemlərlə üzləşmişdir. Bu maneələrə baxmayaraq, Azərbaycan Respublikası tərəqqi və sosial inkişaf yoluna qətiyyətlə qədəm qoyma qabiliyyətini nümayiş etdirmişdir. Bu daimi tərəqqi və əhalinin həyat şəraitindəki əlamətdar irəliləyişlər seçicilərin siyasi sabitlik arzularını geniş izah edir...Mahiyyət etibarilə başa düşmək vacibdir ki, Azərbaycan Respublikasının qanunları respublika Prezidentinin ikinci vətəndaşlığının olmamasını və onun uzun illər ərzində (10 il) ölkədə daimi yaşayış yerinin təsis edildiyini sübut edə bilməsini təmin etməlidir.
Müxalifət tərəfindən müntəzəm olaraq demokratiyanın pozulması halı kimi qeyd edilən cənab İbrahimbəyovun namizədliyinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edilməsi bu vəziyyətin mükəmməl təsviridir. Bundan əlavə, doğrudur ki, Avropa standartları alimlik dərəcəsi olmadan hökumətə başçılıq da daxil olmaqla hər bir vətəndaşın siyasi mandatı yerinə yetirmək hüququnu təmin edir. Azərbaycan Respublikasının seçki qanununun namizədin ali təhsilli olması tələbi ATƏT/DTİHB-nin də etdiyi kimi tənqid edilə bilər, lakin bununla belə, sırf ritorik tənqid olaraq qalır. Bundan başqa, qadın namizədlərin olmamasını vurğulamaq fransız demokratiyasında heç vaxt qadın prezidentin olmamasını sorğulamaq qədər anlamsızdır. Bununla yanaşı, iş tam sənədləşdirilmiş və asanlıqla əlçatandır."
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi oktyabrın 9-da keçiriləcək seçkilərin yerli, regional və beynəlxalq məsələləri nəzərə alınaraq, ATƏT/DTİHB-nin növbəti aralıq hesabatının sənədləşdirilmiş olacağına və ilk növbədə, aydın şəkildə müəyyən olunmuş və nəticədə yoxlanılan faktlara etibar edəcəyinə yalnız ümid etdiyini bildirib: "Azərbaycan Respublikasının yaxşı idarəçiliyinin anonim həmsöhbətçilər tərəfindən daimi təkzibi, ciddi və etibarlı olmaması fikirləri, xüsusilə, qeyri-sabit geosiyasi ərazidə yerləşən ölkənin irəlidən gələn siyasi sabitliyinin təhdid edilməsinə imkan yarada bilər."
Göründüyü kimi Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi bir daha öz arqumentli əsasları ilə hazırladığı hesabatda ATƏT/DTİHB-nin qərəzli hesabatına qarşı kifayət qədər arqumentli fikirlər önə sürüb və bu faktor bir daha təsdiq edir ki, Azərbaycanda mövcud olan demokratik mühit bütün mənalarda öz təsdiqini tapıb.
Rövşən NURƏDDİNOĞLU