ATƏT-in Bakı Ofisi 2012-ci il üzrə Azərbaycanda İnzibati məhkəmə icraatının monitorinqinə dair hesabatı təqdim edib. SİA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, hesabat yeni yaradılan inzibati-iqtisadi məhkəmələrin işinin daxili qanunvericiliyə, ATƏT qarşısındakı öhdəliklərə və digər beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsində Ədliyyə Nazirliyinə kömək etmək məqsədi ilə hazırlanıb.Hesabat Ədliyyə Nazirliyi və ixtisaslaşmış İşçi qrupu ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb. Həmin qrup Nazirlik, Məhkəmə Hüquq Şurası, Vəkillər Kollegiyası və məhkəmə orqanlarının nümayəndələrindən ibarət olub.Sənəddə qeyd olunur ki, inzibatı məhkəmələrlə bağlı statistik məlumatlar göstərir ki, 2011 və 2012-ci illərdə məhkəmələr baxdıqları işlərdə iddiaların böyük bir hissəsini təmin ediblər. 2011-ci ildə baxılmış işlərin ümumi sayının yalnız 44 faizində və 2012-ci ildə baxılmış işlərin ümumi sayının yalnız 54 faizində mahiyyəti üzrə yekun qərar qəbul edilib. Qalan hallarda hakimlər işə mahiyyəti üzrə baxmayıblar və həmin işlər müvafiq qərarlarla yekunlaşdırılıb. Qərarlar isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (İPM) uyğun olaraq barışıq sazişinin təsdiqlənməsi, iddianın mümkün sayılmaması, aidiyyətin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi və iddianın məhkəmə tərəfindən geri götürülmüş sayılması haqqında olub.Hesabatda monitorinqlərin açıq məhkəmə araşdırması hüququ, iclas zallarına buraxılma, inkvizisional prinsip və s. ilə bağlı nəticələr göstərilib və bu nəticələrə əsasən tövsiyələr də göstərilib. ATƏT-in Bakı ofisi məhkəmə orqanlarına iclaslarının gününü və vaxtını qabaqcadan elan etmək yolu ilə açıq məhkəmə araşdırması hüququndan tam istifadəni təmin etməyən məhkəmələrə tövsiyə edir ki, müvafiq məhkəmələrin binalarında quraşdırılan adi və ya elektron lövhələrdə həmin elanları yerləşdirməklə bu hüququ təmin edilsin. Ofis hakimlərə tövsiyə edir ki, məhkəmə prosesinin iştirakçılarından və (və ya) üçüncü şəxslərdən işə aid məlumatları və ya tələblərinə dair sübutları təqdim etmələrini tələb etməklə İPM-də nəzərdə tutulmuş inkvizisional səlahiyyətlərdən daha tez-tez istifadə etsinlər. Çəkişmə prinsipinə daha çox riayət edilməsi üçün hakimlərə tövsiyə edilir ki, məhkəmə iclaslarında inzibati orqanlarının nümayəndələrinin iştirakını təmin etsinlər.İnzibati orqanlarına isə ATƏT-in Bakı Ofisi tövsiyə edir ki, səlahiyyətli inzibati orqanları məhkəmə işlərinin effektiv həlli üçün əhəmiyyətli olan sənədləri və məlumatları vaxtında məhkəmələrə təqdim edilsin.
sia.az