BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov albaniyalı həmkarı Ditmir Buşati ilə görüşmüşdür.
Xarici işlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Albaniyanın xarici işlər naziri Avropa İttifaqı ilə əməkdaşlıq və TAP layihəsinin həyata keçirilməsinin ölkəsinin yeni hökumətinin xarici siyasətinin əsas istiqamətləri sırasına daxil olduğunu bildirmişdir.
TAP layihəsinin strateji əhəmiyyətindən danışan D.Buşati bu layihənin yalnız Albaniya deyil, bütün region üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc