Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirmişlər ki, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ, Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam, Lənkəran şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda isə Mingəçevir şəhəri və Yevlax rayonunun sakinlərinə səyyar "ASAN xidmət" göstərilmişdir.
Sentyabrın 25-dən oktyabrın 9-dək isə Cəlilabad və Biləsuvar rayonlarının ümumi sayı 300 mindən çox olan əhalisi Cəlilabadda səyyar "ASAN xidmət"dən yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. İndiyədək səyyar "ASAN xidmət" çərçivəsində 13 məntəqədə 24 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə səyyar "ASAN xidmət"in göstərilməsi planlaşdırılır.
AzərTAc