PDF Oxu

Siyasət

  • 27

Azərbaycan-Macarıstan mədəni inteqrasiyası: XX əsrin sonları və müstəqillik illərində

Azərbaycan-Macarıstan mədəni inteqrasiyası: XX əsrin sonları və müstəqillik illərində

Azərbaycanın Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əlaqələrini zəruri edən əsas amillərdən biri də bu dövlətlərin oxşar daxili problemlərlə üzləşməsidir. Ümumiyyətlə, keçmişdə sosializm quruluşunun hökm sürdüyü Mərkəzi və Şərqi Avropa dövlətlərinin bir çoxunda 1980-ci illərin sonu-1990-cı illərin əvvəlində həyata keçirilən daxili siyasət və iqtisadi islahatlar özünün bir çox xüsusiyyətləri və prinsipləri ilə 90-cı illərdə Azərbaycanda görülən işlərə çox oxşardır. Əsas strateji xətti demokratik, hüquqi dövlət quruculuğu, sərbəst iqtisadi münasibətlərə keçid olan Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan, Çexiya, Slovakiya və b. dövlətlərin həyata keçirdiyi islahatların başlıca prinsipləri və taktiki gedişləri Azərbaycan üçün həm nümunə, həm də təcrübə rolunu oynayır. Bu ölkələrdə yeridilən daxili siyasət və islahatlar prosesində nəzərə alınan və rəhbər tutulan əsas amil və prinsiplər bu və ya digər şəkildə Azərbaycanda da öz əksini tapır. Bu da həm sözügedən dövlətlərin keçmişdə mövcud olduqları iqtisadi məkanın, inkişaf yönümlərinin və meyarlarının, həm də bu gün tutduqları strateji inkişaf istiqamətlərinin və meyillərinin oxşarlığı və yaxınlığının nəticəsidir.

Yuxarıda göstərilən amillər və Azərbaycan Respublikasının ardıcıl siyasətinin doğurduğu inam və rəğbət Mərkəzi və Şərqi Avropa dövlətlərinin Azərbaycana artan marağını və ölkələrimiz arasında xoş münasibətlər yaranmasını şərtləndirmişdir.

Mərkəzi və Şərqi Avropa dövlətləri ilə bütün sahələrdə ikitərəfli və çoxtərəfli iqtisadi, siyasi və mədəni əlaqələr, qarşılıqlı faydalı və strateji münasibətlər müstəqillik yolu tutmuş Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda Mərkəzi və Şərqi Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri yalnız 1993-cü ilin yayında baş verən ictimai-siyasi dəyişikliklərdən sonra dərk edilmiş və respublikamızın xarici siyasət kursuna xüsusi bir istiqamət kimi daxil edilmişdir. Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya, Çexiya, Slovakiya və b. Mərkəzi və Şərqi Avropa dövlətlərinin mühüm geostrateji, iqtisadi, siyasi mövqelərini, beynəlxalq və regional siyasətdə həyata keçirdikləri strateji kursu bütün incəlikləri ilə obyektiv qiymətləndirən Azərbaycan Prezidenti Heydər Əliyev ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yaradılması üçün əməli addımlar atmağın zəruri olduğu qənaətinə gəlmiş və bu istiqamətdə fəal xarici siyasət kursu həyata keçirmişdir.

Ölkələr arasında təbliğatın gücləndirilməsi, xalqların bir-biri ilə yaxından tanış olması məqsədilə mətbuat, digər informasiya vasitələri və texnologiyaların rolunun artırılmasına diqqət yetirildi. 2006-cı il yanvarın 12-də Bakının Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanla Macarıstan ictimaiyyatı arasında hər sahədə, o cümlədən, mədəni əlaqələrin gücləndirilməsinə dair qrant müsabiqəsinin nəticələrinin müzakirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Məclisin üzvləri, televiziya verilişləri şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər. Bildirildi ki, yaxın vaxtlarda Azərbaycandan bir qrup nümayəndə Macarıstana səfər edəcək. Məqsəd Macarıstanla yaxından tanış olmaq, macar mətbuatında Azərbaycan haqqında gedən məlumatlarla bağlı monitorinq keçirmək, respublika haqqında müsbət fikir formalaşdırmaqdır. Görüşdə bildirildi ki, ingilis dilində nəşr olunan "Qarabağ" kitabı və "Qarabağ" filmi Macarıstana göndərilmişdi.

Mədəni əlaqələrin gücləndirilməsi üçün televiziya və mətbuat işçilərinə internet vasitəsilə macar gəncləri və jurnalistlərilə əlaqələr yaradılması da tövsiyə olundu.

2006-cı il yanvarın 23-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Macarıstan Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Andraş Barşoni ilə görüşdə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi-normativ bazanın yaradılmasına ehtiyac duyulduğu, ölkələr arasında turizmin inkişaf etdirilməsi üçün hərtərəfli imkanların olduğu qabardıldı. Bu sahədə tədbirlərin reallaşdırılması məqsəd kimi qarşıya qoyuldu. Macarıstanda Azərbaycan səfirliyinin açılması isə bu işlərin həyata keçirilməsinə əlverişli şərait yaratmış oldu. Yeni açılmış səfirliyin Macarıstanla Azərbaycan arasında mədəni əlaqələrin inkişafı sahəsində gördüyü ilk dəyərli tədbirlərdən biri 2006-cı il mayın 23 - 24-də həmin ölkədə Azərbaycan günlərinin keçirilməsi faktı oldu. Tədbirin keçirilməsində əsas məqsəd Macarıstan ictimaiyyətini Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə yaxından tanış etmək, ölkəmizlə bağlı həqiqətləri macar xalqının diqqətinə çatdırmaq, onları Qarabağla bağlı tarxi məqamlarla məlumatlandırmaq idi.

Mayın 23-də Budapeştlə Macarıstan Elmlər Akademiyasının binasında "Tarix və mədəniyyət: Azərbaycan - Macarıstan" adlı elmi simpozium keçirildi. Simpoziumda Azərbaycan və Macarıstanın bir sıra tanınmış alimləri iki xalq arasında mədəni-tarixi münasibətlər haqqında məruzə etdilər. Simpoziumdan bir gün əvvəl, mayın 22-də Macarıstan Elmlər Akademiyasının Tarix İnstitutununda iki ölkə alimlərinin görüşü keçirilmişdir. İnstitutun direktoru Atilla Pok Azərbaycan nümayəndə heyətinə daxil olan alimlərin Respublika Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Y.Məmmədovu, Atatürk Mərkəzinin müdiri N.Cəfərovu, Azərbaycan Tarixi Muzeyinin direktoru N.Vəlixanlını səmimi qarşıladı. Görüş zamanı əməkdaşlıq münasibətlərinin yaradılması və tarix sahəsində birgə tədqiqatların aparılması məsələləri diqqət mərkəzində oldu. Azərbaycan günlərinin sonuncu günü, mayın 24-də Budapeştin möhtəşəm salonlarından biri sayılan Belvaroşsinhazda respublikanın tanınmış incəsənət ustalarının konserti uğurla keçdi. Macar tamaşaçıları tarzən H.Əliyev, kamança çalan İ.Həmidov, müğənnilərdən A.Abdullayev, N.Teymurova və digərlərinin çıxışlarını, ümumiliklə, Azərbaycan mədəniyyətini sürəkli alqışlarla qarşıladılar.

Macarıstanda səfərdə olan baş nazirin müavini Abid Şərifov Macarıstan baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüş keçirib. Görüş zamanı bu yaxınlarda Budapeştdə keçirilən Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın III iclasında qəbul olunan qərarlar və iqtisadi təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Piter Siyyarto son iki ildə Azərbaycanla bütün sahələrdə əməkdaşlığın intensiv xarakter aldığını vurğulayaraq, bunu Viktor Orban hökumətinin prioritet addımlarından biri kimi dəyərləndirib. O, yaxın günlərdə Bakıya səfər edəcəyini xatırladaraq, hazırda hər iki tərəf üçün ciddi maraq doğuran bir sıra iqtisadi layihələr üzərində iş getdiyini xatırladıb.

Baş nazirin müavini Abid Şərifov, öz növbəsində, tikinti-quraşdırma, kənd təsərrüfatı, dərman sənayesi, yeyinti məhsulları və digər sahələrdə ixtisaslaşan macar şirkətləri ilə əməkdaşlığa Azərbaycanda böyük maraq və ehtiyac olduğunu diqqətə çatdırıb. Görüş zamanı hazırda müzakirə və iqtisadi dəyərləndirmə mərhələsində olan birgə layihələrin həyata keçirilməsini sürətləndirmək istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, tikinti, qida sənayesi, İKT, ətraf mühitin bərpası və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanla Macarıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, bu əlaqələrin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, hər iki ölkənin iqtisadi sahədə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda mövcud siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli investisiya və biznes mühiti, iş adamları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi imkanlarını daha da artırıb, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib. İşgüzar adamların iştirakı ilə keçirilən tədbirlərin iqtisadi- ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin genişlənməsində faydalı olacağını bildirib.

Macarıstan Respublikasının kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budaini çıxışında ölkəsində sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, işgüzar görüşün bu istiqamətdə əhəmiyyətli olduğunu qeyd edib. Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimatla çıxış edib. O, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb və macar iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə Azərbaycanın investisiya imkanları barədə geniş məlumat verilib, macarıstanlı iş adamlarını maraqlandıran suallar cavablandırılıb. Sonda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası çərçivəsində yaradılmış aqrar məsələlər üzrə altkomitənin iclasının protokolu imzalanıb.

Beləliklə, bu sahədə aparılan işlərin ümumi məzmunundan məlum olur ki, Azərbaycan-Macarıstan mədəni əlaqələrinin dinamik prosesi müasiri olduğumuz hazırkı dövrə təsadüf edir. Azərbaycan-Macarıstan arasında dövlətlərarası münasibətlər yaradılsa da, mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi-normativ bazanın hazırlığı üzərində iş gedir. Bu isə iki ölkə arasında mədəni əlaqələrin səmərəli gələcəyindən xəbər verir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər