PDF Oxu

Siyasət

  • 10

Cənab Prezident İlham Əliyev: "Strateji obyektlər dövlətin sərəncamında olmalıdır"

Cənab Prezident İlham Əliyev: "Strateji obyektlər dövlətin sərəncamında olmalıdır"

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanış olmuşdur. Prezidentin vaxtaşırı olaraq elektrik enerjisinin təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində atdığı addımlar onun iqtisadi sahənin inkişafı üçün tətbiq etdiyi çoxşaxəlilik prinsipinə müvafiqdir. "Bakıelektrikşəbəkə"nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxt və ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülməyə başlanılmışdır. Bu baxımdan bu qısa məqalə çərçivəsində Cənab Prezidentin ümumiyyətlə bu sahəyə olan diqqətini və yarımstansiyanın açılışında söylədiyi fikirləri bəzi aspektlərdən təhlil etməyə çalışacam.

İlkin olaraq qeyd edim ki, "Bakıelektrikşəbəkə"nin tarixi eyni zamanda Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Tarixi qaynaqlara görə, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki "Bakinski dok"da quraşdırılmışdır. Sonradan keçmiş Sovet İttifaqı zamanı da bu sahədə ciddi inkişaf və dəyişikliklər olmuşdur. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda müstəqil elektrik stansiyalarının tikilməsi geniş vüsət almışdır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin aşağıda qeyd edəcəyimiz fikirləri bu sahənin inkişaf tarixini və tətbiq olunan strateji xətti yüksək səviyyədə izah edir: "Hər dəfə elektrik stansiyası tikilməsi haqqında (SSRİ rəhbərliyi qarşısında - red.) məsələ qoyarkən mənə deyirdilər ki, sənin nəyinə lazımdır? Bizdə-SSRİ-də vahid elektrik enerjisi sistemi var... bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə, verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir".

Həqiqətən də Ümummilli Lider Heydər Əliyevin bu fikirləri hal-hazırda müstəqil Azərbaycanda da özünü doğrultmaqdadır. Məhz dahi liderimizin layiqli davamçısı Prezident İlham Əliyev də, ifadə etdiyi kimi, iqtisadi siyasətdə çoxşaxəlilik prinsipinə sadiq qalaraq bu sahənin inkişafına diqqət göstərməkdədir. Bu sahənin eyni zamanda dövlət üçün strateji əhəmiyyət kəsb etməsi reallıqdır. Bu mənada Cənab Prezident haqlı olaraq bu sahənin özəl sektordan alınaraq dövlətin idarə edilməsinə verilməsini təşkil etmişdir: " Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi dövlətə qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə keçdi və yeni inkişaf dövrü başlandı. Həm şəbəkənin əməkdaşları peşəkarlıq nümayiş etdirmişlər, eyni zamanda, dövlət büdcəsində hər il şəbəkənin inkişafına əsaslı vəsait, kapital qoyuluşu nəzərdə tutulur. Bax, bu iki istiqamətin inkişafı nəticəsində bu gün Bakıda elektrik təsərrüfatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıbdır, ən gözəl texnoloji şərtlər tətbiq olunub. Sevindirici hal ondan ibarətdir ki, burada quraşdırılan avadanlığın böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Yəni, dövlət tərəfindən qoyulan investisiyalar özəl sektorun inkişafına da təkan vermişdir. Beləliklə, biznes mühiti bu imkanlardan istifadə edir. Bildiyiniz kimi, növbəti illər üçün Azərbaycanda istehlak edilən bütün mallar ölkəmizdə istehsal olunmalıdır, istər ərzaq məhsulları olsun, istər tikinti materialları, yaxud da ki, müasir avadanlıq".

Ümümiyyətlə, energetika sahəsində həyata keçirilən tədbirlər və uğurlu nəticələr onu göstərir ki, Prezident İlham Əliyevin iqtisadiyyat sahəsində tətbiq etdiyi çoxşaxəlilik prinsipi gün keçdikcə özünü doğrultmaqdadır. Məhz bu və ya digər sahələrdə yerli avadanlıqlardan istifadə edilməsi və istehsalı da inkişafın tərkib hissələrini təşkil etməkdədir. Nəticədə, Prezident İlham Əliyevin haqlı olaraq vurğuladığı -"Postsovet məkanında Azərbaycanın təcrübəsi özünü doğrultdu. Bizdə bütün strateji obyektlər dövlətin əlindədir. Dövlət bu obyektləri saxlamaqla inkişaf etdirir, insanlara xidmət göstərir"- fikri uzaqgörən iqtisadi siyasətin nəticəsi və uğurudur.

Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər