PDF Oxu

Siyasət

  • 11

"Milli Şura"nın mitinqlərində təşkilatçılıq niyə zəif olur?

"Milli Şura"nın mitinqlərində təşkilatçılıq niyə zəif olur?

Bu bir reallıqdır ki, kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün birinci növbədə böyük sosial baza lazımdır. Elə bir sosial baza ki, hər kəs könüllülük prinsipi əsasında bu və ya digər qurumun ətrafında birləşə bilsin. "Milli Şura"ya daxil olan müxalifət partiyalarının heç birinin sosial bazasının olmaması mitinqlərin zəif, olduqca primitiv təşkil olunmasının başlıca səbəblərindəndir.

"Milli Şura"nın mitinq komitəsinin sədri Asəf Quliyev mitinqçilərin sayının az olmasına aydınlıq gətirərkən azacıq da olsa obyektivliyə can atıb. A.Quliyev bildirib ki, mitinq komitəsi elə də qərar sahibi deyil və həlledici əsas söz lidelərindir.

Sözsüz ki, A.Quliyev bu açıqlama ilə əslində "Milli Şura"nın formal bir qurum olduğunu bir daha diqqətə çatdırdı. Çünki elə müxalifətin yaratdığı blok və qurumlarında olduğu kimi, "Milli Şura" daxilində da heç kim söz sahibi deyil və heç kimin müstəqil fikir söyləməyə ixtiyarı yoxdur.

A.Quliyev mitinqlərdə çıxışçıların əvvəlcədən müəyyən edilib-edilməməsinə də aydınlıq gətirərək bildirib ki, mitinq komitəsi bu məsələdə də rol oynamır, bu məsələdə də söz sahibi lidelərdir. O zaman A.Quliyevə sual vermək lazımdır ki, bəs mitinq komitəsi nəyə lazımdır? Və ya adı olub, özü olmayan bir komitənin sədri olmaq ona nə verir? Heç bir səlahiyyət sahibi olmayan, hətta çıxışçıların belə siyahısını tərtib edə bilməyən bir komitənin formal qurum olması da zəif təşkilatçılığın səbəblərindən deyilmi?

A.Quliyev bir az irəli gedərək mitinq vaxtı əlavə çıxışçıların olmasının vəziyyəti daha da gərginləşdirdiyini deyir. Məsələn, müxalifətin son mitinqində baş verənlərlə bağlı A.Quliyev qeyd edib ki, "Milli Şura"nın 22 sentyabr mitinqində 4 nəfərin çıxışı nəzərdə tutulsa da, İsgəndər Həmidov və Aslan İsmayılovun çıxış etmək istəmələri proqramı pozdu, kortəbiilik yaratdı. Bu baxımdan, A.Quliyev və digərləri bilməlidir ki, İ.Həmidov harada olubsa, orada da kortəbiilik və özbaşınalıq olub. Necə ki nazir olduğu müddətdə ölkədəki xaosun başlıca səbəbkarlarından biri olub.

Qeyd etmək lazımdır ki, 22 sentyabr mitinqi həm də "REAL" hərəkatı ilə AXCP fəallarının qarşılıqlı ittihamları və bir-birilərini təhqir etmələri ilə yadda qalıb. "REAL"-ın məclis sədri Erkin Qədirli 22 sentyabr aksiyasının C.Həsənlinin təşviqatı adı altında təşkil olunan, əslində isə "Milli Şura"nın mitinqi olduğunu nəzərə çatdıraraq bildirib ki, təşkilatçılıq yaxşı deyildi. Aparıcılığın və çıxışların bir çoxunun zəif olduğunu bildirən E.Qədirli onu da bildirib ki, yenə köhnə mövzular, keçmişə səyahət və s. suallar da uğursuz idi.

Göründüyü kimi, bütün bunlar müxalifətçilərin kütləvi tədbirlərinin zəif təşkilatçılığın səbəblərinin sadəcə bir hissəsidir ki, onların öz açıqlamaları haqlı olmadıqlarını, zəifliklərini bir daha ortaya qoymuş oldu.

Samir

Digər xəbərlər