Quba rayonunda növbəti görüş keçirilib
YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bütün bölgələrdə görüşlər və tədbirlər keçirilir. Keçirilən bu görüşlərdən bəlli olur ki, xalqımız YAP-ın namizədinə inanır və güvənir. Bu isə ondan qaynaqlanır ki, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə xalqın qəlbində özünə sevgi, məhəbbət və inam qazanıb. Azərbaycan xalqı Cənab İlham Əliyevi növbəti 5 ildə də prezident görmək istəyir. Buna görə də 9 oktyabrda seçkilərdə iştirak edib, YAP-ın namizədinə səs verəcəklər.
Qeyd etdiyimiz kimi, bölgələrdə aparılan təbliğat-təşviqat kampaniyası çərçivəsində Quba rayonunda da bu kampaniya fəallıqla davam edir. Dünən bu məqsədlə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, Milli Məclisin deputatı Yevda Abramov Quba rayonunun Xınalıq və Əlik icra ərazi dairələrində seçicilərlə növbəti görüşlər keçirmişlər.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, parlaq gələcəyimiz Cənab İlham Əliyevin rəhbərliyi ilədir: "Prezidentimizin 10 illik uğurlu fəaliyyəti bizə bunu deməyə əsas verir ki, xalqımızın firəvan həyat şəraitinin davam etməsi və parlaq gələcəyimiz yalnız YAP-ın namizədi Cənab İlham Əliyevlədir. Məhz buna görə də hamımız 9 oktyabrda səsvermə məntəqələrinə gedərək, Möhtərəm İlham Heydər oğlu Əliyevə səs verəcəyik".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Yevda Abramov qeyd etdi ki, xalqımız inkişafa, tərəqqiyə səs verəcək: "Bu inkişaf və tərəqqi hörmətli Prezidentimizin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu davam etdirən Cənab İlham Əliyev Azərbaycanın dünya dövlətləri sırasında öncül yerlərdə olmasına nail olub. Bütün bu nailiyyətlər bizim 9 oktyabrda YAP-ın namizədinə səs verməyimiz üçün başlıca səbəbdir".
Tədbirdə seçicilər də öz fikirlərini bildirərək qeyd etdilər ki, xalqımızın bütün nümayəndələri kimi qubalılar da 9 oktyabrda seçkilərdə iştirak edərək, YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəklər.
Cahid Süleymanov