PDF Oxu

Siyasət

  • 11

Bakı Slavyan Universiteti Bolqarıstanın Sofiya Universitetində yeni mərkəz açıb

Bakı Slavyan Universiteti Bolqarıstanın Sofiya Universitetində yeni mərkəz açıb

Beynəlxalq əlaqələri daim genişlənən Bakı Slavyan Universiteti Azərbaycan tarixi və mədəniyyətinin, dili və ədəbiyyatının xarici ölkələrdə təbliği və tədrisi istiqamətində uğurlu addımlar atmaqdadır. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayevin təşəbbüsü ilə Rusiya, Ukrayna və Belarusun nüfuzlu ali məktəblərində BSU tərəfindən Azərbaycan tədris-mədəniyyət mərkəzləri yaradılmış və uğurla fəaliyyət göstərir, BSU-nun mütəxəssisləri tərəfindən bu universitetlərin tələbələrinə Azərbaycan dili tədris edilir.

Sofiya Universitetinin Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin və Klassik və yeni filologiya fakültəsinin fəaliyyət göstərdikləri binada yerləşən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışında Sofiya Universitetinin rektoru professor İ.İlçev, Bakı Slavyan Universitetinin nümayəndə heyəti, Bolqarıstan Respublikası Parlamentinin üzvü Q.Svilenski, Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri E.Kərimov, səfirlik əməkdaşları, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan və Gürcüstanın Bolqarıstan Respublikasındakı səfirləri və səfirlik nümayəndələri, ölkənin dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Mərkəzin açılış mərasimində çıxış edən Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin müdiri professoru A.Fedotov tədbirin qədim tarixə və zəngin ənənələrə malik Sofiya Universitetinin həyatında mühüm hadisə olduğunu qeyd etdi. Universitetin rektoru prof. İ.İlçev BSU tərəfindən yaradılan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini bildirib.

BSU-nun tədris işləri üzrə prorektoru professor A.Hacıyev tədbir iştirakçılarını Bakı Slavyan Universitetinin rektoru professor K.Abdullayevin adından salamlayaraq onun təbriklərini Sofiya Universitetinin rəhbərliyinə və mərasimə dəvət olunmuş qonaqlara çatdırıb. Qeyd edilib ki, BSU Sofiya Universitetində fəaliyyətə başlayan mərkəzə xüsusi diqqətlə yanaşacaq, onu dərslik və lüğətlər, tədris vəsaitləri və elmi ədəbiyyatla mütəmadi olaraq təmin edəcək, universitetlər arasında müəllim və tələbə mübadiləsinə xüsusi önəm verəcək.

Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri E.Kərimov, MDB Xalqları ilə Dostluq Federasiyasının sədri professor. Z.Zaxariyev, mərkəzin müdiri S.Şiqayeva və başqaları çıxış edərək, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə uğurlar arzulayıblar.

Açılış mərasiminin yüksək səviyyədə təşkili və keçirilməsi mərkəzin yaxın gələcəkdə Azərbaycanı təbliğ və tədqiq edən müasir tədris məkanına və maraqlı mədəniyyət guşəsinə çevriləcəyinə əminlik yaradır.

ZÜMRÜD

Digər xəbərlər