Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi seçiciləri ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan AR Pİİ Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov bildirdi ki, hazırda ölkəmizdə mühüm bir siyasi hadisə yaşanır: "Bildiyiniz kimi 9 oktyabr tarixində ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hazırda namizədlərin təbliğat kampaniyası davam etməkdədir. Ölkədə son illər əldə edilmiş nailiyyətlər göz önündədir. Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Ölkəmiz nəinki regionda, bütün dünyada sürətlə inkişaf etməkdədir. Azərbaycan, eyni zamanda, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib".
YAP Binəqədi rayon təşkilatı AR Pİİ Siyasi Sənədlər Arxivi ərazi ilk partiya təşkilatının sədri Pərixanım Muradova tarixə qısa ekskurs edərək, 90-cı illərin əvvəllərində ölkənin düşdüyü çətin vəziyyətindən və 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı xilasından danışdı. O, qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, çıxışında son 10 il ərzində görülmüş işlərə nəzər salaraq, hər kəsi seçkidə fəal iştirak etməyə, xoş gələcəyimiz olan Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov prezident seçkilərinin hər bir dövlətin həyatında mühüm siyasi hadisə olduğu bildirərək, Azərbaycanda da bu gün mühüm bir proses yaşanıldığını vurğuladı. O, YAP-ın namizədi Cənab İlham Əliyevin hazırda təbliğat kampaniyasının aparıldığını və son 10 ildə ölkə Prezidentinin məqsədyönlü siyasəti nəticəsində böyük uğurların əldə edildiyini qeyd etdi: "Bu gün dinamik inkişaf edən ölkəmizin gücü və qüdrəti Cənab İlham Əliyev tərəfindən daha da möhkəmlənir. Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilir". R.Göyüşov səsvermə hüququna malik olan seçiciləri fəal olmağa, gələcəyimizin qarantı olan Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə çıxış edən seçicilər ölkəmizdə sabitliyin, əmin-amanlığın hökm sürdüyünü qeyd edərək, növbəti beş ildə də bu daxili və xarici siyasətin davamlığı üçün Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
ZÜMRÜD BAYRAMOVA