Azərbaycan və Belçika kiçik ölkələr olsa da, zəngin və qədim tarixi, mədəniyyəti və ümidverici gələcəyi olan dövlətlərdir. Beliçikanın inkişaf etmiş Qərbi Avropa ölkəsi olması onun müasir vəziyyətini müəyyən edir. Hər iki ölkəni birləşdirən əsas cəhətlərdən biri onların neft, maşınqayırma və parça istehsal edən ölkə olmasıdır.
Azərbaycan-Belçika mədəni əlaqələrinin tarixi zəngin olmasa da, hələ orta əsrlərdə Azərbaycan tacirlərinin Avropa ilə əlaqələri çərçivəsində həmin ölkəyə gedib çıxması, hətta orada həmişəlik qalması faktları da mövcuddur. Hər iki ölkə arasında mədəni əlaqələrin intensivliyi sovet quruluşu dövrünə təsadüf edir. İncəsənətin ayrı-ayrı sahələri, xüsusilə, elmi sahədə Belçika ilə mədəni əlaqələr, yaradıcılıq mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyəlı konfranslarda, elmi görüşlərdə, simpoziumlarda hər iki ölkənin birgə iştirakı zamanı reallaşırdı.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1960-cı il Belçikada keçirilən V Beynəlxalq Kibernetika konqresində akademik A.Əfəndizadənin məruzəsi böyük maraqla qarşılanmışdı. Həmin dövrdə Beynəlxalq Astronomiya Şurasının Belçikada keçirdiyi beynəlxalq seminarında alim S.Əzimov maraqlı məruzə etmiş və belçikalı həmkarları ilə fikir mübadiləsi aparmışdı. Asiya və Afrika göz həkimlərinin Belçikada keçirilmiş V Konqresində həkim-alim A.Axundova öz maraqlı mühazirəsi ilə həmin məclisdə Azərbaycan tibb elmini təmsil etmişdir.
Azərbaycan elmi ilə yanaşı, incəsənəti ilə də bu ölkədə tanınırdı. Xalq artisti Rəşid Behbudovun "Arşın mal alan" filmində oxuduğu ariyalar və digər xalq mahnıları müğənniyə şöhrət gətirdi. Burada əldə etdiyi uğura görə R.Behbudov Brüssel şəhərinin Fəxri Fərmanına layiq görüldü. Respublikanın əməkdar artisti, pianoçu T.Mahmudovanın Belçikadakı konsertləri də böyük müvəffəqiyyətlə keçmişdi. Brüsseldə çıxan "Lya Nüvel" qəzeti Azərbaycan sənətkarının maraqlı ifasından bəhs edərək, onu müasir Azərbaycan, o cümlədən, sovet ifaçılıq məktəbinin layiqli nümayəndəsi kimi qiymətləndirmişdi.
Respublikanın digər ifaçı kollektivi Azərbaycan Dövlət Rəqs Ansamlının Brüsseldəki ifaları da belçikalılara böyük zövq vermişdi. Azərbaycan sirkinin aparıcı nümayəndələrindən biri jonqlyor Xosrov Abdullayevin Belçikadakı ifaları da yüksək qiymətləndirilmişdi. O, bu ölkədə qastrol səfəri zamanı ən yaxşı artist hesab edilmiş və Oskar adına mükafata layiq görülmüşdür.
Sovet İttifaqı ilə tanışlığın Azərbaycan Respublikası timsalında həyata keçirilməsi məqsədilə 1956 və 1957-ci illərdə Belçikadan nümayəndə qrupu Bakıya səfər etmişdi. Səfər çərçivəsində belçikalı qonaqlar Azərbaycan və onun paytaxtı Bakının təbiəti, insanların yaşayış tərzi, adət və ənənələri, zəngin və qədim, o cümlədən, müasir mədəniyyəti ilə yaxından tanış olmuşlar. Proqrama eyni zamanda təhsil, elm və istehsalat obyektləri ilə tanışlıq da daxil idi. Bu cür səfərlər sonrakı illərdə də davam etdirildi. 1974, 1983 - 1985-ci illərdə "Belçika - SSRİ" Cəmiyyəti xəttilə nümayəndə heyəti yenidən Bakıya gəldi. Eyni zamanda, Azərbaycan nümayəndələri də 1979-cu ildə Belçikada oldular.
1983-cü ilin noyabrında Belçikada keçirilən ənənəvi SSRİ günlərini Azərbaycanın nümayəndə qrupu təmsil etmişdi. Həmin tədbirdə ictimaiyyət nümayəndələri - dövlət və hökumət xadimləri, elm və təhsil işçiləri, incəsənət adamları iştirak edirdi. SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı Teatrı kollektivinin Xasselt şəhərində verdiyi konsert əsil bayrama çevrilmişdi. Həmin şəhərdə keçirilən festivalın bədii rəhbəri doktor A.Bartols muxbirlərə demişdi: "Azərbaycan elçiləri adamlarımızı məftun etmiş, bizə öz istedadı ilə tanış olmaq kimi böyük bir sevinc bəxş etmişdi. Azərbaycan incəsənəti işıqlıdır, nikbindir."
"Azərbaycan-Belçika mədəni əlaqələrinin inkişaf etdirilməsi problemi Azərbaycan Respublikası üçün həmişə aktualdır. Çünki bu ölkə Avropa qitəsində qlobal proseslərə təsir etmək imkanına malik nüfuzlu bir dövlətdir. Bir sıra mühüm beynəlxalq və regional təşkilatların, xüsusən, NATO və Avropa İttifaqının mənzil -qərargahlarının Belçikanın paytaxtı Brüsseldə yerləşməsi onun nüfuzlu bir ölkə kimi tanınmasını şərtləndirən amillərdəndir. Bu faktın özü Belçikanın bütün dünyaya geniş informasiya ilə çıxışını təmin edir. Həm Belçikanın özünün geniş mətbuat-informasiya kanalları, həm də Brusseldə fəaliyyət göstərən beynəlxalq informasiya mərkəzləri bu ölkə ilə mədəni informasiya mübadiləsini obyektiv zərurətə çevirən mühüm amillərdəndir. Belçikanın Qərbi Avropanın nüfuzlu ölkəsi kimi tanınması faktı Azərbaycan Respublikasının bu dövlətlə mədəni əməkdaşlığının yenidən qurulmasına təkan verdi. Bu ölkə ilə 1992-ci ilin fevralında birbaşa diplomatik əlaqələrin qurulmasına ciddi təşəbbüs göstərilsə də, bu sahədə işin məqsədəuyğun şəkildə həyata keçirilməsi 1993-cü ilin II yarısında mümkün oldu. 1994-cü il mayın 3-5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Belçikaya rəsmi səfəri zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mədəni aspektləri də müzakirə obyektinə çevrildi. Mədəni əlaqələr sistemi üzrə Azərbaycan və Belçika arasında dostluq və əməkdaşlıq haqqında sazişin, turizm sahəsində əlaqələri müəyyənləşdirən sazişlərin layihələri Belçika tərəfinə təqdim olundu.
Səfər zamanı NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycanla Şimali Atlantika bloku arasında əlaqələrin perspektivləri müəyyənləşdi. Müzakirələr gələcəkdə Belçika ilə mədəni əməkdaşlığın daha da sürətlənməsinə təsir göstərdi. "Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1995- ci ilin fevralında Azərbaycanda Belçika Krallığının səfirliyi, mart ayında isə, Belçika Krallığında Azərbaycan səfirliyi öz fəaliyyətinə başladı.
Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin bu ölkəyə ilk səfərindən sonrakı illərdə - 1995, 1996-cı illərdə Brüsselə rəsmi görüşlərə getmiş, bir sıra məsələlərlə yanaşı, mədəni əməkdaşlıqla bağlı müzakirələrə də önəm vermişdir. 1998-ci ilin aprelində Belçika Krallığının baş naziri Jan Lük Deanın Bakıya səfərinin də əhəmiyyəti olmuşdur. Bütün bu addımlar Azərbaycan-Belçika mədəni əlaqələrinin inkişafına əhəmiyyətli surətdə təsir göstərdi.
1996- cı il aprelin 23-də Belçika paytaxtı Brüsselin "Konrad" otelinin sərgi salonunda Azərbaycanın tanınmış xalça rəssamı Eldar Mikayılovun eskizləri əsasında toxunmuş xalçaların sərgisi açıldı. Sərgidə Nizami və Füzulinin əsərlərinin motivləri əsasında toxunmuş xalçalar nümayiş olunurdu. Ekspozisiya Brüssel sakinlərində böyük maraq doğurdu. Sərgiyə baxan Azərbaycan Prezidenti Heydər Əliyev bunu belçikalıların Azərbaycan mədəniyyəti ilə yaxından tanışlığının mühüm açarı kimi dəyərləndirdi. Sərgi salonunda Azərbaycan incəsənət ustalarının ifasında səslənən musiqi əsərləri də tamaşçıların xoşuna gəldi.
Hazırda Brüsseldə fəaliyyət göstərən Azərbaycan mərkəzi, əsasən diaspor təşkilatı olsa da, öz ətrafına belçikalı vətəndaşları da toplaya bilmişdi. Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzi adlanan bu təşkilatın rəhbəri Bülənd Gurcam bu ölkədə Azərbaycan mədəniyyətinə olan marağı belə ifadə edir: "Belçikada Azərbaycan mədəniyyətinə maraq var. Xüsusilə, musiqiyə, muğama həvəs göstərən belçikalılar buraya qastrola gələn ifaçıların sənətinə heyrandırlar". Belçikada yaşayan flamand Jan Qranero öz fikrini Azərbaycan müxbirinə aşağıdakı kimi söyləmişdi: "Azərbaycan muğamları tamamilə mistikadır, nağıldır. Onu başa düşmək, dərk etmək dünyanı anlamağa bərabərdir. Xüsusilə, bu muğamlar çalınanda Nəsiminin, Füzulinin qəzəlləri oxunarsa, musiqi ilahi zirvəyə çatar".
Digər Qərb ölkələri ilə müqayisədə Belçika ilə Azərbaycan arasında mədəni əlaqələrin əhatə dairəçi zəif olsa da, həmin ölkə ilə əməkdaşlığa zərurət, tələb daha aktual və vacibdir. Burada qeyd olunan faktlardan əlavə, şübhəsiz ki, Azərbaycanın digər mədəniyyət və sənət sahələri arasında əməkdaşlıq, yaradıcılıq mübadilələri də vardır. Lakin bunların gələcəkdə daha da genişləndirilməsi hər iki dövlətin maraq dairəsindədir.
Belçikada inteqrasiya problemi dövlət siyasətində muhüm yer tutur. İnteqrasiya proseslərinin hüquqi nizamlanması və göstəricilərinə görə Belçika Avropa İttifaqı ölkələri arasında liderlik edir. İslam dini hələ 1974-cü ildə burada rəsmi dinlərdən biri elan edilib və dini qurumlar dövlət tərəfindən dəstəklənir. Sosial-mədəni inteqrasiyanın reallaşması konkret qurumlara həvalə olunur. 2005-ci ildə Müsəlman Cəmiyyəti Komitəsi təsis edilmiş və hakimiyyət orqanlarında müsəlmanların maraqlarını təmsil etməyə xidmət edir.
Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olmuşdur. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel, 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər etmişdir. 17-19 may, 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər etmişdir. 21-24 noyabr, 2004-cü ildə Belçika krallığı silahlı qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olmuşdur.
6-8 noyabr 2006-cı ildə İlham Əliyev Belçikada işgüzar səfərdə olmuşdur. Səfər zamam İlham Əliyev ATƏT-in hazırkı sədri - Belçikanın xarici işlər naziri Karel de Quxt, Aİ şurasının Baş Katibi Xavyer Solana, Belçika Senatının sədri, NATO-nun Baş Katibi ilə görüşmüşdür. Noyabrın 7-də Brüsseldə Azərbaycan və Avropa İttifaqı enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Aİ-nin əsas qərargahı Brüsseldə yerləşir və birlikdə əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycanın yüksək rəsmi şəxsi Belçikaya səfəri zamanı bu ölkənin ali rəhbərliyi ilə mütəmadi görüşmüşdür.
13 sentyabr 2006-cı ildə BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə "GUAM ölkələrində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı yeni bəndin əlavə edilməsi üçün Baş Assambleyanın keçirilmiş səsverməsində birtərəf qalınmışdır. 21-26 noyabr 2001-ci ildə Belçika Parlamentinin Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanda səfərdə olmuş, Heydər Əliyev və digər rəsmi şəxslərlə görüşmüşlər.
1-7 dekabr 2002-ci ildə Belçika Parlamentinin Belçika-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə Milli Məclisin Azərbaycan-Belçika dostluq qrupu Belçika Krallığına səfər etmişdir.
25 iyun 2005-ci ildə Azərbaycanın müstəqilliyinin 10 ili ilə əlaqədar Brüsselin "Art Kiosk" qalereyasında 12 yaşlı azərbaycanlı rəssam Fərhad Fərzəliyevin rəsm əsərlərinin sərgisi keçirilmişdir. 29 yanvar 2002-ci ildə Brüsselin "Palais des Beaux-Arts" sarayında muğan ustası Alim Qasımovun konserti keçirilmişdir. Tədbir çərçivəsində fotoqraf F.Məmmədovun fotosərgisi və Azərbaycan milli mətbəxinin təqdimatı olmuşdur. 24-27 mart 2004-cü ildə BDU-nun rektoru Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Universitetləri Assosiasiyasının prezidenti E.Frankmentin dəvəti ilə Belçikaya səfər etmişdir.
Konsulluq məsələləri Azərbaycan Respublikasının Belçikadakı və Belçikanm Türkiyə və Azərbaycandakı səfırlikləri vasitəsilə həyata keçirilir.
Mündəricat:
1 Parlamentlərarası münasibətlər
2 Siyasi sahədə əməkdaşlıq
3 İqtisadi sahədə əməkdaşlıq
4 Mənbə
Parlamentlərarası münasibətlər
Hər iki parlamentdə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun rəhbəri Elxan Süleymanovdır. Belçika Parlamentində isə Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Blanşardır.
Siyasi sahədə əməkdaşlıq
4 oktyabr 2011-ci il tarixində Belçika Krallığının Xarici İşlər Nazirliyinin Siyasi əlaqələr üzrə baş direktoru Geert Muyle Bakıya səfər etmiş və Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Mahmud Məmməd-Quliyevlə görüşmüş, beynəlxalq və regional münasibətlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İqtisadi sahədə əməkdaşlıq.
Ticarət əlaqələri 2008-ci il 2009-cu il 2010-cu il 2011-ci il
Xarici ticarət dövriyyəsi 60.86 74.1 45786.7 59729.1
İdxal 59.8 57.1 44500.0 56 840.2
İxrac 1.06 17 1286.7 2 880.9
Ticarət saldosu- 58.74 -40 -43213.3 -53959.3
"Azərbaycan Respublikası ilə Belçika Kralığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Konvensiya". "Azərbaycan Respublikası Hökuməti və Belçika-Lüksemburq İqtisadi İttifaqı arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında Saziş".
"Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardımın göstərilməsi haqqında ikitərəfli Saziş".
"Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında hava əlaqələri haqqında Saziş". 13 aprel 1998-ci ildə imzalanmış, 4 dekabr 1998-ci ildə təsdiq edilmişdir.
VAHİD ÖMƏROV,
fəlsəf üzrə fəlsəfə doktoru