Qubalılar da 9 oktyabrda YAP-ın namizədinə səs verəcəklər
Oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP-ın namizədi Cənab İlham Əliyevin, paytaxt Bakı ilə bərabər, ölkəmizin bütün bölgələrində, o cümlədən Qubada da təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi və uğurla davam etdirilir. Belə ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin Quba rayonu üzrə Seçki Qərargahı nümayəndələrinin rayonun İspik və Qəçrəş icra ərazi dairələrində seçicilərlə görüşləri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev söyləyib ki, Prezident İlham Əliyev 10 illik fəaliyyəti dövründə bütün sahələrə xüsusi diqqət və qayğı göstərib: "Cənab İlham Əliyev Azərbaycan dövlətinin çiçəklənməsi üçün bütün işləri görüb və görür. O, Azərbaycanda bütün sahələrə xüsusi diqqət və qayğı göstərir. Bu da öz bəhrəsini müsbət şəkildə verir. Dünya siyasətçiləri Prezident İlham Əliyev təcrübəsinin, zəkasının, biliyinin, savadının şahididir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezidentimizin parlaq siyasətinin müsbət nəticəsini hər birimiz öz həyatımızda hiss edir və görürük. Məhz buna görə də oktyabrın 9-da keçiriləcək prezident seçkiləri günü səsimizi Cənab İlham Əliyevə verəcəyik".
Daha sonra seçicilər qarşısında çıxışı zamanı Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə bütün sahələr sürətlə inkişaf edib və etməkdədir: "Möhtərəm İlham Əliyevin 10 illik fəaliyyəti dövrü Azərbaycanda iqtisadiyyat, elm, texnologiya, təhsil, mədəniyyət və bütün sahələr sürətli inkişaf edib və bu inkişaf davam etməkdədir. Bizlər bu inkişafın davamına səs verəcəyik. Bizim seçimimiz YAP-ın namizədidir".
Görüşdə çıxışı zamanı Milli Məclisin deputatı Yevda Abramov söyləyib ki, xalqımız Prezident İlham Əliyevi qəlbən sevir və Ona böyük hörmət bəsləyir: "Xalqın rifah halının davamlı olaraq yaxşılaşması, yeni iş yerlərinin açılması, regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycanın enerji və ərzaq təhlükəsizliyi sahəsində mühüm addımlar atması Möhtərəm Prezidentimizin parlaq siyasətinin bəhrəsidir. Hamımız əminik ki, Azərbaycan ictimaiyyətinin seçimi yenə də Cənab İlham Əliyev olacaq".
Daha sonra Quba sakinləri də öz fikirlərini bildiriblər. Onlar qeyd ediblər ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər böyükdür və bu uğurlar, nailiyyətlər isə Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində əldə olunub. Məhz buna görə də 9 oktyabr prezident seçkilərində qubalılar da YAP-ın namizədinə səs verəcəklər.
Cahid Süleymanov