Azərbaycan xalqı Cənab İlham Əliyev siyasətini qəlbən dəstəkləyir
Bu gün Azərbaycana Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Artıq 10 illik müddətdir ki, dahi şəxsiyyət Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən Cənab İlham Əliyev müstəqil Azərbaycanın rəhbəri olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının Lideri kimi öz mütərəqqi siyasətini yürüdür. Məhz bu baxımdan qeyd eymək mümkündür ki, İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O, nəinki doğma Azərbaycanda, eləcə də beynəlxalq aləmdə böyük hörmətə və nüfuza malikdir. Bu gün Onun siyasi portreti bütün dünyada məşhurdur.
Daim vətənimizin, xalqımızın gələcəyini düşünən Ümummilli Liderin əvəzsiz xidmətlərindən biri də Onun zamanı qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Azərbaycanı uğurla idarə edən xarizmatik Lider yetişdirməsi oldu. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayır.
Möhtərəm İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.
Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Çünki beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Odur ki, Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğudur.
Məhz Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur. Belə ki, bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu nailiyyət Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.
Təbii ki, Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biri ölkəmizin dinamik inkişafıdır. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açıb. Bütün bu uğurların kökündə dayanan əsas amil 1993-cü ildən sonra Azərbaycanda formalaşmış yeni siyasi kursdur. Azərbaycan cəmiyyəti Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu kursu ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsil vətənpərvər və qurucu lider əzmi ilə çalışan Prezidentdir. Yeni Azərbaycan Partiyasının V qurutlayında Prezident İlham Əliyev deyib: "Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu Öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim".
Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 10 ilə yaxın dövrdə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, bir milyondan artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin 50 faizdən 6 faizə düşməsi bunun bariz təsdiqidir. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib və ona görə bu siyasətin davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur.
Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin dəstəklənməsi həm də Onun nəzəriyyəçidən daha çox praktik olması ilə şərtlənir. O, inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır.
Artıq 9 oktyabr prezident seçkilərinə sayılacaq günlər qalıb. Bu gün Azərbaycan xalqı daha xoşbəxt gələcəyi naminə seçkilərdə fəal iştirak edərək, Cənab İlham Əliyev siyasətini dəstəkləyəcək. Çünki bu gün Yeni Azərbaycan Partiyasının "İlhamla irəli!" şüarı da bu əhəmiyyətli məqamı özündə kifayət qədər ehtiva edir.
TƏMİRAZ TAĞIYEV,
YAP Nərimanov rayon təşkilatının sədri