"Cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də adekvat nəticələr özün biruzə verir. Təhsil sahəsindəki islahatlar günü-gündən genişlənir və təhsilimiz daha da modernləşir. Eyni zamanda, təhsilimiz Avropa məkanına çox sürətlə inteqrasiya olunub. Ali təhsil sahəsində baloniya prosesini demək olar ki, başa çatdırmışıq. Təhsil sahəsində yeni standartlar, təhsil proqramları, tədris resurslarının təmin olunması, ən müasir texnologiyalarından istifadə olunması sahəsində çox ciddi uğurlarımız var". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin son 10 ildə təhsil sahəsində gördüyü işlərdən danışarkən deyib.Onun sözlərinə görə, hazırda xaricdə təhsillə bağlı nəhəng proqram icra olunur: "Həmin gənclərin bir çoxu təhsillərini başa vurub, fəaliyyətə başlayıblar. Bunun da nəticəsini görürük. İqtisad universitetinin timsalında deyə bilərəm ki, bu proqramın qəbul olunması və reallaşması Azərbaycan təhsilinin inkişafında ciddi addım kimi qiymətləndirilə bilər. Təhsilin maddi- texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Maddi-texniki bazanın güclənməsi, eləcə də təhsil ocaqlarının texniki avadanlıqla təchiz edilməsi sahəsindəki uğurlarımız göz önündədir"."Təsəvvür edin ki, bu dövr ərzində 2300-dən artıq məktəb inşa edilib. Həmin məktəblər də müasir avadanlıqlarla təchiz edilib. Təhsildə sosial ədalətin qorunması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində prezident tərəfindən dəfələrlə sərəncamlar imzalanıb. Hətta, bu yaxınlarda müəllimlərin əməkhaqları yetərincə artırıldı. Tələbələrin, xüsusilə də doktarantların təqaüdlərinin həcmi də artırıldı. Bütün bunlar kompleksli şəkildə həyata keçirilir. Bununla yanaşı, yalnız Bakıda deyil, bütün regionlarda da ən müasir tələblərə cavab verən məktəblər, uşaq bağçaları tikilib istifadəyə verilir. Bütün bunların nəticəsində təhsilimiz adekvat sürətdə cəmiyyətimizin digər sahələrində olduğu kimi, sürətlə inkişaf edir və özünün yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Təbii ki, bir çox sahələrdə olduğu kimi, təhsilimizdə də problemlər mövcuddur. İdarəetmə sahəsində çox ciddi dəyişikliklər baş verir. Artıq yeni islahatlara başlanılıb. Ən başlıcası isə təhsilimizin səviyyəsi artıb. Kim nə deyir desin, təhsilimizin keyfiyyəti artıb. Biz 10 il ərzində başqa ölkələrin təhsil sahəsində 20 ildə qazandığı uğurları əldə etmişik. Bu da ölkəmizdə aparılan çox düşünülmüş kompleks sistemli siyasətin nəticəsidir" - deyə, komitə sədri fikirlərinə əlavə edib.
sia.az