ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasını Azərbaycan Respublikası prezidentinin 2013-cü il oktyabrın 9-da keçiriləcək seçkiləri ilə bağlı reallığa əsaslanmayan aralıq hesabat yayıb. Hesabatda Azərbaycanda keçiriləcək prezident seçkilərində qadın namizədlərin olmaması, müxalifət və iqtidar namizədləri arasında ayrı-seçkilik qoyulması ATƏT-in DTİHB-nin tövsiyyələrinin Azərbaycan höküməti tərəfindən qəbul edilməməsi kimi heç bir əsası olmayan iddialar olunub. Bu məsələyə münasibət bildirən müsahiblərimiz də həmin hesabatın yalan və qərəz üzərində qurulduğunu vurğuladılar.
BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı: "ATƏT indiyə qədər Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın milli mənafeyini qoruyan heç bir bəyanat verməyən adi bir qurumdur."
- Bütün bu söylənənlər heç bir obyektivliyə əsaslanmır. Çünki bu gün Azərbaycanın seçki siyahısına baxanda, orada Azərbaycanın ictimai-siyasi həyatının uzun illər partiya sədrləri olan, uzun illər ictimai fəaliyyətləri olan, deputatlar təmsil olunur.Bu gün səhv etmirəmsə namizədlərin 10 nəfərinin 90%-i siyasi partiya təmsilçiləridir. Yerdə qalan 2 %-i bir neçə partiyanın birləşmiş təşəbbüs qrupunun namizədləridir. Bu, onu göstərir ki, bu gün seçkilərdə Azərbaycanın siyasi həyatında iştirak edən, seçki marafonunda iştirak edir. Bu siyahıda radikal müxalifətçilərinin iştirakçıları da var, konstruktiv mövqe nümayiş etdirən namizədlər və yaxud heç bir partiyanı təmsil etməyən namizədlər var. Mən bu hesabatı Azərbaycana qarşı yönəldilmiş növbəti bir qərəzli hesabat kimi dəyərləndirirəm. Ümumiyyətlə, son vaxtlar həmin qurumun Azərbaycanın milli maraqlarına ziyan vuran hesabatları ilə tanış oluruq. O ki qaldı qadın namizədlərin olmamasına, burada heç kəsə məhdudiyyət qoyulmayıb. Yəni istənilən xanım namizəd ola bilərdi. Bunu əsas gətirərək, nəsə əldə etməyə çalışanlar diqqət yetirməlidirlər ki, Azərbaycanın ictimai həyatında yetəri qədər qadınlar var. Sadəcə, görünür, həmin xanımların prezident olmaq fikirləri yoxdur. Yəni, bu şəxsi bir mövqedir, şəxsi bir yanaşmadır. Bunula bağlı hər hansısa bir ittiham irəli sürmək əsassızdır. Bununla yanaşı, bu gün seçki marafonunda iştirak edən, həm radikal müxalifətdən olan namizədlərin, həm konstruktiv mövqeli namizədlərin imza toplama prosesində və ya digər proseslərdə heç bir məmur problemi ilə üzləşməsi faktı qeydə alınmayıb. Bu gün heç bir radikal müxalifətdən olan namizəd deyə bilməz ki, bizə hakimiyyət tərəfindən əngəllər yaradılır. Çünki belə faktlar qeydə alınmayıbdır. ATƏT indiyə qədər Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın milli mənafeyini qoruyan heç bir bəyanat verməyən adi bir qurumdur. Baxmayaraq ki, ermənilər BMT-nin 4 qətnaməsini birdən pozur bu qurum buna baxmayaraq, Ermənistana qarşı heç bir bəyanat qəbul etmir. ATƏT-in Azərbaycana olan münasibəti birmənalı deyil və görünür, ATƏT Azərbaycana qarşı əssasız hesabatları və ermənilərə qarşı heç bir bəyanat qəbul etməməsi ilə bir daha Ermənilərə olan məhəbbətlərini nümayiş etdirirlər.
Politoloq Elçin Mirzəbəyli : "ATƏT-in mandatı ilə fəaliyyətdə olan Minsk Qrupunun "gördüyü işlər" ATƏT-in əsil simasını bütün çılpaqlığı ilə ortaya çıxarır"
- ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) bu kimi hesabat yayması, təbii ki, məqsədyönlü şəkildədir. İlk növbədə bu qurumun aparıcı dövlətləri, bəzi qüvvələr Azərbaycanın yürütdüyü müstəqil siyasəti qəbul etmirlər. Onlar ölkəmizdə marionet bir hökümətin formalaşmasında maraqlıdırlar. Bunun səbəbi isə Azərbaycanda sərbəst siyasət yürütmək istəyidir. Burada başqa bir faktor da erməni lobbisinin bu məsələyə təsir etməsidir. Şübhəsiz ki, Azərbaycan xalqı son nəticədə ölkədə gedən prosesləri qiymətləndirir. Azərbaycan xalqının ATƏT-ə olan münasibəti də bəllidir. ATƏT-in özünü rüsvay etməsi, özünü iflasa uğratması bu qurumun dondurulmuş münaqişələrlə bağlı fəaliyyətində də açıq-aydın görünür. ATƏT-in mandatı ilə fəaliyyətdə olan Minsk Qrupunun "gördüyü işlər" ATƏT-in əsil simasını bütün çılpaqlığı ilə ortaya çıxarır. Bu baxımdan da düşünürəm ki, bu məsələdə təəccüblənməli bir şey yoxdur. Azərbaycana qarşı olan mövqe onsuz da əvvəlcədən bəlli idi. Odur ki, Azərbaycan xalqı da təxribat xarakterli hesabatların mahiyyətini yaxşı anlayır və məsələni düzgün qiymətləndirməyi bacarır.
Ülkər Musazadə