Dünən Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cənab İlham Əliyevin Nəsimi rayonu üzrə Seçki Qərargahının nümayəndələrinin rayonun idmançıları və gəncləri ilə görüş keçirdi. Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı siyasi aləmdə, beynəlxalq miqyasda tanınan, möhtəşəm layihələri həyata keçirən Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründəki uğurlara nəzər salaraq, ölkənin keçdiyi inkişaf yoluna diqqət çəkdi: "Azərbaycanın müstəqil dövlət kimi dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafı Ulu Öndər Heydər Əliyevin məqsədli fəaliyyəti nəticəsində reallaşıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin əbədiliyini təmin edərək, ölkəni düşdüyü vəziyyətdən xilas etdi. Ölkəmizə səriştəsiz insanların rəhbərlik etdiyi zamanda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın üçrəngli bayrağının əbədi dalğalanmasının qarantı oldu. Ulu Öndərin siyasi kursunu layiqincə təmsil edən Azərbaycan Prezidenti İlham Əliyev sadiq və layiqli varisi olduğunu siyasi fəaliyyətində, əməlində təsdiqlədi. Azərbaycanın maraqlarına xidmət edən layihələri ilə dünyada Azərbaycanın söz və əməl sahibi olduğunu nümayiş etdirdi. Şərqdən və Qərbdən Azərbaycana müəyyən təzyiqlər olsa da, ölkə başçısının rəhbərliyi ilə bütün problemlər müsbət həllini tapmış olur. Azərbaycanın nə qədər çətin geosiyasi xəritədə yerləşməsinə baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür".
M.İbrahimqızı siyasi- iqtisadi aləmdə uğurların bizi müşayiət etməsi ilə bahəm Azərbaycanın hər guşəsinin gözəlləşdiyini, Şirvan, Muğan və digər bölgələrdə görülən işlərin Azərbaycanın füsünkarlığını, heyrətamizliyini daha da qabartdığını qeyd etdi. "Budur, Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl və Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət" - deyən M.İbrahimqızı iyirmi birinci əsrin söz yox, əməl zamanı olduğunu bildirdi: "Prezident İlham Əliyev konkret əməli fəaliyyəti nəticəsində təkcə bölgənin deyil, regionun Lideridir. Azərbaycan bayrağı dünya ölkələrində dalğalanır. Bu gün gənclərimiz, heç şübhəsiz, Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunur. İnanıram ki, səs verəcək gənc seçicilər Cənab İlham Əliyevi dəstəkləyərək ölkəmizin sabahına səs verəcəklər". Qələbəmizi birlikdə, möhtəşəm şəkildə qeyd edəcəyimizi bildirən Məlahət xanım gəncləri Cənab İlham Əliyevə səs verməyə çağırdı:"İlhamla irəli, irəli, irəli!"
Görüşdə çıxış edən, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan gəncliyinin düzgün yolda olduğunu vurğulayaraq, onların Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirdi: "Azərbaycan gəncliyi bu gün üçün deyil, sabah üçün yaşayır. Azərbaycanda elə bir sahəsi yoxdur ki, orada inkişaf olmasın. Dövlət üçün ən mühüm problem olan enerji təhlükəsizliyidir ki, 10 il müddətində Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb. Sənayesi inkişaf edib. Bir ölkədə gəmi sənayesi inkişaf edirsə, demək, o ölkə artıq inkişafdadır". S.Orucov dövlət gənclər siyasətinə də nəzər salaraq gənclərə göstərilən diqqət və qayğını da vurğuldı: "Azərbaycanın hər bir bölgəsində Gənclər Mərkəzi yaradılacaq. Gəncləri gələcəyə, tərəqqiyə, İlham Əliyevə səs verməyə çağırıram".
YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycan Gənclər Birliyinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin gənclərə olan münasibətindən və uğurlu gənclər siyasətindən söz açaraq, 10 illik prezidentliyi dövründə Cənab İlham Əliyevin gənclər siyasətinin yüksələn xətlə inkişafda olduğunu bildirdi: "Bizlər bu gün Azərbaycan gənci olmağımızla qürur duyuruq. Bu qüruru bizdə yaradan davamlı inkişaf, sabit və firavan dövlətdə yaşamağımız, xalqımıza və vətənimizə xidmət ruhunda tərbiyə olunmağımızdır. Hər kəsi Cənab İlham Əliyevə səs verməyə çağırıram".
YAP Nəsimi rayon gənclər birliyinin sədri, YAP Gənclər Birliyi ofisinin sədri Sərraf Hüseynov, YAP Nəsimi rayon təşkilatının təlimatçısı Rəşad Abbaszadə və fəal gənclər çıxış edərək Azərbaycanın gözəlləşdiyini, çiçəkləndiyini qeyd edərək, bunun təməlində iqtisadi inkişafın, siyasi sabitliyin dayandığını qeyd etdilər və Azərbaycan gəncliyini Cənab İlham Əliyevə səs verməyə çağırdılar.
NƏZAKƏT ƏLƏDDİNQIZI