YAP Binəqədi rayon təşkilatı 9 oktyabr prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bakı Humanitar kollecinin müəllim-tələbə heyəti ilə görüş keçirdi. Görüşdə YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Qüdsi Bayramov, Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, kollecin müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudov bildirdi ki, artıq bir neçə gündən sonra 9 oktyabrda ölkəmizin siyasi həyatında əhəmiyyətli hadisə olan prezident seçkiləri keçiriləcək. Azərbaycanın son on ildə əldə etdiyi uğurlara nəzər salan İlqar Mahmudov bildirdi ki, bu gün Azərbaycanda savadlı gənc nəsil yetişir və onlar ölkənin gələcəyində əhəmiyyətli rol oynayırlar:"Gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib amillərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır". Keçirilən görüşün əlamətdar olduğunu qeyd edən direktor müəllim-tələbə heyətini seçkidə fəal iştirak etməyə çağırdı.
Tədbirdə çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov ölkədə intellektual potensialın inkişaf etdiyini və Prezident İlham Əliyevin elmə, təhsilə, səhiyyəyə diqqət göstərdiyini qeyd etdi. O bildirdi ki, gələcək yalnız elm-təhsil üzərində qurulacaq. O, bu gün ölkədə neft kapitalının insan kapitalına çevrilməsini vurğulayaraq, bildirdi ki, bu istiqamətdə böyük işlər görülür, Dövlət Proqramı çərçivəsində xaricə təhsil almağa yüzlərlə tələbə göndərilir. Hazırda ölkəmiz informasiya cəmiyyətində yaşayır:"Qısa müddətdə təhsil müəssisələrinin maddi-texniki bazası güclənir. Təhsil üçün ayrılan vəsaitlərin illik artımı, inkişafyönümlü dövlət proqramlarının icrası zərurəti ilə şərtlənmişdir. Təhsillə bağlı həyata keçirilən tədbirlər təhsilin məzmunun yeniləşməsinə və idarə olunmasının təkmilləşdirilməsinə yönəldilib". O, çıxışında hər kəsi seçki hüququndan istifadə edərək, seçkilərdə fəal olmağa, ölkəmizin işıqlı gələcəyi naminə Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Təhsil sahəsində aparılan islahatlardan danışan Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov ölkəmizdə hər il yeni təhsil müəssisələrinin açıldığını və onların əksəriyyətinin əsaslı şəkildə təmir edildiyini qeyd etdi. O, gənclərin dünyanın ən nüfuzlu universitetlərinə xaricdə təhsil almağa göndərildiyini Dövlət Proqramı çərçivəsində reallaşdığını bildirdi. O, qeyd etdi ki, aparılan təhsil islahatı artıq öz bəhrəsini verməkdədir. İqtisadiyyata son 10 ildə 110 milyard dollar investisiyanın yatırıldığını və Azərbaycanın dövlət büdcəsinin hazırda 25 milyard dollar olduğunu bildirən H.Əsgərov bu gün ölkəmizin sürətlə ikişaf etdiyini qeyd etdi. Sonra o, hər kəsi seçkidə iştiraka və vicdanlı seçim etməyə səslədi.
Görüşdə çıxış edən seçicilər Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqət və qayğını qeyd edərək, Cənab İlham Əliyevə səs verməklə gələcək inkişafımıza səs verəcəklərini bildirdilər.
ZÜMRÜD BAYRAMOVA