PDF Oxu

Siyasət

  • 8

Sosial rifaha söykənən güclü iqtisadiyyat

Sosial rifaha söykənən güclü iqtisadiyyat

İlham Əliyev: "Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur"

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, 2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb, orta aylıq əməkhaqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 faizədək azaldılıb.

Sosial siyasətin mərkəzində insan amili dayanır

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahəyə təsirsiz ötüşməyib. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün möhkəm zəmin yaradıb. Artıq iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsini yaşayırıq ki, indi nəinki problemlər həll edilir, həmçinin, böyük sosial layihələr həyata keçirilir.

Ölkə rəhbərinin verdiyi vədlər özünün tamamilə doğruldub

Azərbaycan hakimiyyətinin sosial siyasətinin mahiyyəti ondan ibarətdir ki, ölkəmizdə aztəminatlı, yoxsul insan olmamalıdır. Bu mənada Azərbaycanda 1993-cü ildən başlanan Ulu Öndər Heydər Əliyevin siyasi kursu hər il sosial problemlərin aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə əlamətdar olub, aparılan islahatların sosial yönümünü təmin edib. Ölkə rəhbərinin verdiyi vədləri yerinə yetirməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri addımlar atması ölkəmizin sosial sahədəki nailiyyətlərinin əsasını təşkil edib. Bunun real təsdiqidir ki, respublikanın davamlı iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır və iqtisadi tərəqqi insanların gündəlik rifah halında öz təcəssümünü tapır. Belə ki, son on ilin göstəricilərinə nəzər salanda görürük ki, insan inkişafı indekslərində biz hər il pillə-pillə irəliləməkdəyik. Rifah halının yüksəlməsi ilə bağlı həm rəqəm göstəricilərinə müraciət etmək olar, həm də real həyat müşahidələri bunu parlaq göstərir. Azərbaycanda son on ildəki intensiv və sürətli inkişaf göz qabağındadır. Bunu təkcə ölkə daxilində müşahidə etmək və deməklə iş bitmir, həm də beynəlxalq aləmdə sosial rifah məsələləri ilə məşğul olan institutlar, beynəlxalq təşkilatlar, Azərbaycanla maraqlanan, bizi istəyən və istəməyən qüvvələr bizim bu yöndəki ciddi uğurlarımızı və nailiyyətlərimizi etiraf edirlər. Təkcə son on iki ildə bizim büdcəmiz iyirmi dəfə artıb. Əgər 2000-ci ildə büdcəmiz 1 milyard dollar idisə, indi artıq 25 milyard dollardır. Ümumdaxili məhsul da təxminən bir o qədər artıb, əhalinin pul gəlirləri dəfələrlə artıb. 90-cı illərin sonlarına qədər əmanət banklarında əhalinin demək olar ki, pulları yox idi, çünki birincisi, əhalinin banklara qoymağa pulları yox idi, ikincisi isə banklar bir o qədər də etibarlı sayılmırdı. İndi isə banklarda 20 faizə qədər əhalinin əmanət pulları qoyulub. Bu da o deməkdir ki, əhalinin həm pulları artıb, həm də bank sistemi təkmilləşib. 2003-cü ildən bu günə kimi ölkədə bir milyona yaxın yeni iş yerləri açılıb. Qeyd edək ki, belə bir göstərici dünyanın heç bir ölkəsində yoxdur. İkincisi isə, yoxsulluğun aşağı salınması məsələsində də çox ciddi nəticə əldə olunub. Belə ki, əgər 2000-ci illərin əvvəlində yoxsulluq göstəricisi 49 faiz təşkil edirdisə, indi yoxsullar ölkədə cəmisi 6 faiz təşkil edir. Bu da dünyada bu məsələdə analoqu olmayan ciddi bir göstəricidir. Digər bir məsələ isə orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın artımıdır ki, bu da çox vacib bir məqamdır. Bunlar da əhalinin sosial rifah halını müəyyən edən əsas faktorlardan biridir. Digər bir məqam isə, bizdə orta aylıq əməkhaqqlarının yüksəlməsi ilə bağlıdır. Bu gün orta aylıq əməkhaqqı 400 dolları ötüb. Son 10 il ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq, 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 1 milyon 272 min 566 pensiyaçı var və ölkə Prezidenti Cənab İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncam təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Onu da vurğulayaq ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 90 min nəfər) pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır.

Göründüyü kimi, həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, vurğulaya bilərik ki, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın nüfuzu bu gün daha da artmışdır. Ölkə Prezidentinin rəhbərliyi ilə yürüdülən mövcud sosial-iqtisadi siyasətin davamı gələcək illərdə xalqımızın sosial rifahını, firavan həyat tərzini daha da yüksəldəcək.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər