PDF Oxu

Siyasət

  • 10

AZƏRBAYCAN XALQI ÖNƏMLİ TARİXİ MƏRHƏLƏDƏDİR

AZƏRBAYCAN XALQI ÖNƏMLİ TARİXİ MƏRHƏLƏDƏDİR

Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 10 ildə sürətlə inkişaf etmiş, xalqımızın sosial-rifah halı daha da yaxşılaşdırılmışdır

Günü-gündən güclənən, qüdrətlənən Azərbaycanımız daha bir əhəmiyyətli hadisə ərəfəsindədir. Artıq bir neçə gündən sonra xalqımız növbəti dəfə prezident seçkilərində iştirak edərək, öz seçimlərini edəcəklər. Oktyabrın 9-da baş tutacaq bu mühüm hadisəni təhlil edərkən, ilk növbədə belə bir faktor və zəmin nəzərləri cəlb edir. Belə ki, bu gün ölkədə bir məqam mövcuddur - xalq və hakimiyyətin birliyi. Məhz bu sarsılmaz birliyin nəticəsidir ki, ölkəmiz son 10 ildə sürətlə inkişaf etmiş, xalqımızın sosial-rifah halı daha da yaxşılaşdırılmışdır.

Birmənalı olaraq, qeyd etmək istərdim ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib və bu mövqeyini bu gün də qoruyub saxlamaqdadır. Bu gün ölkəmizdə mövcud olan sabitlik, güclü iqtisadiyyat gələcək inkişaf trayektoriyasının əsasını təşkil edir.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kurs Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə ikitərəfli əlaqələrə malikdir və bu əlaqələr nəticəsində də dünyanın çoxsaylı dövlətləri ölkəmizin biznes mühitində özünə yer edib. Bu, bir faktdır ki, Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunda, hətta bir sıra yaxın ölkələri də nəzərə alsaq, böyük bir coğrafiyada xarici sərmayələrə açıq və təminat verəcək yeganə dövlətdir. Bu gün ölkəmizdə demokratik prinsiplərə sadiqlik nümayiş etdirilir, ölkə daxilində aparılan siyasi islahatlar nəticəsində Azərbaycanda Avropa standartlarına uyğun olan siyasi institutlar, təsisatlar yaranıb. Ölkəmizdə vətəndaş cəmiyyəti sürətlə inkişaf edir.

Eyni zmaanda, qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda aparılan seçki islahatı, vətəndaş cəmiyyətinin, qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğı, mətbuata dövlət dəstəyi və diqqəti dediklərimizi təsdiq edir. Ölkəmizdə keçirilən seçkilərdə tətbiq olunan Qərb standartları, yüksək texnologiya bu prosesin azad, ədalətli, şəffaf və ən əsası demokratik şəkildə nəticələnməsinə təminat verir. Bundan başqa, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hakimiyyəti ölkədə demokratik inkişafın təminatında, onun daha da irəliləməsində, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında maraqlı olduğunu ortaya qoyur, bunun təmin olunması istiqamətində iradə nümayiş etdirir.

Ölkəmizdə yaradılan sabitliyin dövlətin inkişafındakı rolu dövlət başçısı İlham Əliyev tərəfindən də hər zaman xüsusi olaraq vurğulanır. O, öz çıxışlarının birində vurğulamışdır ki, ölkəmizdə yaradılan daxili sabitlik inkişafın əsas şərtidir: "Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir.

Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir".

Artıq bu günlərdə bizlər ölkəmizdə keçiriləcək prezident seçkilərinin önəmli mərhələsindəyik. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat və təşviqat işləri respublikamızın hər bir bölgəsində, hər bir kəndində və şəhərində qəsəbələrində uğurla aparılmaqdadır. Azərbaycan seçiciləri ilə keçirilən görüşlərdə də dəfələrlə vurğulanmaqdadır ki, vətəndaşlar bir reallığa - İlham Əliyev siyasətinə, bu siyasət üzərində qurulmuş konsepsiyaya səs verəcəklər. Təbii ki, həmişə olduğu kimi, bu prosesdə yenə də Yeni Azərbaycan Partiyası (YAP) öndədir. Eləcə də seçicilərin rəyini qazanmaq metodlarından biri də partiyanın hansı mesajlarla seçkiyə getməsindən bilavasitə asılıdır. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, partiya hər zaman İlham Əliyev Cənablarının həyata keçirdiyi siyasətin uğurlarını özünün seçki taktikasının ən mühüm arqumenti hesab edir. Onun sözlərinə görə, İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın seçkilərdə istinad etdiyi əsas həlledici resursdur. Əlbəttə ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, bu inkişafın əsasında digər sahələrdə əldə olunan əhəmiyyətli irəliləyişlər, insanların rifahının, yaşayışının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə və regionda mövqelərinin güclənməsi-bütün bunların hamısı YAP-ın ən əhəmiyyətli və başlıca seçki resursudur. Bu siyasətin bundan sonra da həyata keçirilməsinə inam ondan ibarətdir ki, O, Azərbaycana daha böyük iqtisadi nailiyyətlər və sosial inkişaf perspektivləri vəd edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük uğurlar, nailiyyətlər gətirdiyinə görə, xalq tərəfindən birmənalı şəkildə dəstəklənir. Çünki Ulu Öndər Heydər Əliyevin siyasəti, bu siyasətin Möhtərəm İlham Əliyev Cənabları tərəfindən uğurla həyata keçirilməsi Azərbaycana böyük fayda gətirib, iqtisadiyyatımız yüksəlib, insanlarımızın rifahı yaxşılaşıb. Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun Azərbaycanda davam etdirilməsi ölkəmizin bundan sonrakı inkişaf perspektivlərinin təminatı deməkdir. Bu nöqteyi-nəzərdən YAP-ın birinci mesajı məhz bu siyasətin davam etdirilməsi ilə əlaqədardır. Bu siyasətin davam etdirilməsi Azərbaycanda vətəndaşlarımızın faydalandığı sabitliyin, əmin-amanlığın, vətəndaş təhlükəsizliyinin qorunub-saxlanması, Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təminatı deməkdir. Həmçinin, bu, Azərbaycan vətəndaşının rifahının yüksəlməsi siyasətinin bundan sonra da davam etdirilməsinə, insanların həyat səviyyəsinin və keyfiyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regional və beynəlxalq mövqeləri daha da möhkəmlənir, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin maraqlarına uyğun olaraq həll edilməsinə özünün müsbət təsirini göstərir.

Mən bütün Azərbaycan vətəndaşlarını oktyabrın 9-da hamılıqla seçkilərdə fəal iştirak etməyə, bir daha tarixi seçimlərini etməklə İlham Əliyev siyasətinə dəstək verməyə səsləyirəm!

KAMİL MİRZƏYEV,

YAP Biləsuvar rayon təşkilatınnı sədri

Digər xəbərlər