Yarandığı zamandan etibarən xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondu, ilk növbədə, Ümummilli Liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəz kimi fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Xalqın böyük məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları Ulu Öndər Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın Birinci Xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır.
Millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilən Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram insanlığa xidmət edir. Azərbaycanın Birinci Xanımının fəaliyyəti aşılmaz sayılan sərhədləri belə adlayır. Bu, xalqımızda qürur doğuran reallıqdır.
Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında müstəsna rol oynayır. Vətəninə və millətinin imicinə beynəlxalq səviyyədə ölçüyəgəlməz dividendlər gətirir, əsil vətəndaşlıq nümunəsi formalaşdırır. Azərbaycanın Birinci Xanımı öz səmərəli fəaliyyəti ilə mötəbər beynəlxalq təşkilatların imkanlarından maksimum yararlanmaq, həmçinin, Prezident İlham Əliyevin siyasətinə müvafiq ölkəmizin beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə təkan vermək nümunəsi də nümayiş etdirir.
Mehriban xanım Əliyevanın peşəkarcasına fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmiz sözün əsil mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilir. Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanın əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, Mehriban xanımın özünün şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi artıq çoxdandır ki, ənənə şəklini almışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda insanlar Onu məhz xeyirxah, humanist və nəcib işlərinə görə sevirlər. Fondun yaradılması ilə xeyriyyəçilik amalı Mehriban Əliyevanın fəaliyyətinin prioritetinə çevrilmişdir. Başqa sözlə desək, o, öz qüvvəsini və fondun əməkdaşlarının səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə yönəltmişdir. Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllinə də məhz Mehriban Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur. Paytaxtdan başlayan və ilk növbədə qayğıya daha çox ehtiyacı olan, valideyn himayəsindən məhrum qız uşaqlarının mənzillə təmin olunmasını nəzərdə tutan layihənin icrası ölkəmizdə Mehriban Əliyevanın bu nəcib missiyanın nə qədər ali və müqəddəs olduğunu təsdiq etmişdir.
Bu gün Azərbaycan tolerentlığın ünvana çevrilib. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gedişi bir daha ölkəmizin mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətini əks etdirdi. Dünya ölkələri Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətini yüksək dəyərləndirir.
Mehriban xanım Əliyevanın da bu istiqamətdə rolu danılmazdır. Onun ölkəmizi tolerantlığın beşiyi kimi də təqədimatı maraq doğurur. Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif mədəniyyətlər, millətlər və dinlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Bu günlərdə BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Tolerantlığın ünvanı - Azərbaycan" mövzusunda açılan sərgi də Azərbaycanın din, mədəniyyət və millətlərə olan münasibətini geniş şəkildə təqdim edir. Hazırda sərgilənən fotosərgidə Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənir. Qeyd edək ki, Reza Deqati ölkəmizə dəfələrlə yaradıcı səfərlər edib.
Bu səfərlər çərçivəsində Azərbaycanda dini tolerantlığın çoxəsrlik tarixə malikliyi diqqətdən yayınmayıb. Multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Son illərdə Azərbaycan dövlətinin, eləcə də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər, layihələr Azərbaycanı mədəniyyətlər və dinlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevirib.
Nəzakət ƏLƏDDİNQIZI