Əli Əhmədov: " Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının təşviqat hissəsini uğurlu hesab edə bilərəm"
9 oktyabrda keçiriləcək prezident seçkilərinə sayılacaq günlər qalmaqdadır. Digər partiya və qurumlardan fərqli olaraq, Yeni Azərbaycan Partiyasının təbliğat təşviqat kampaniyası uğurla aparılmaqdadır. Belə ki, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun mətbuata verdiyi açıqlamasına görə, seçkinin təşviqat kampaniyası artıq demək olar ki, yarıya çatıb və bu müddət ərzində prezidentliyə namizədlərin televiziya debatlarının da hansı səviyyədə və tematikalara uyğun şəkildə keçirilməsi məlumdur.
"Namizədlərdən bəziləri çayxana söhbətləri aparırlar"
Daha dəqiq desək, YAP-ın apardığı təbliğat və təşviqat kampaniyaları bir daha belə deməyə əsas yaradır ki, Azərbaycan xalqı reallığın tərəfdarı olaraq birmənalı şəkildə hakim partiyanın namizədi Cənab İlham Əliyevi dəstəkləyir: "Qeyd etmək istəyirəm ki, bütövlükdə televiziya debatlarında aparılan seçki təşviqatının səviyyəsi o qədər də ürəkaçan deyil, burada prezidentliyə namizədlərin bir qismi demək olar ki, debatları dedi-qodu və çayxana söhbətləri səviyyəsində aparmağa üstünlük verirlər. Bu da ona dəlalət edir ki, namizədlərdən bəziləri seçki kampaniyasının gedişində seçicilərin və bütövlükdə Azərbaycan xalqının diqqətini cəlb edəcək proqram, platforma ortaya qoymaq iqtidarında olmadığından insanların diqqətini çayxana söhbətləri və dedi-qoduları ilə cəlb etməyə üstünlük verirlər".
YAP İcra katibinin sözlərinə görə, bütövlükdə Yeni Azərbaycan Partiyasının seçki təbliğatı geniş, şaxələndirilmiş şəkildə, əvvəlcədən müəyyən etdiyimiz proqrama uyğun olaraq həyata keçirilir: "Bizim hörmətli seçicilərə, xalqa demək istədiyimiz sözlərin bir hissəsi debatlar vasitəsilə çatdırılır, daha böyük hissəsi isə Azərbaycanın hər bir guşəsində Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvlərinin seçicilərlə apardığı görüşlər vasitəsilə onların diqqətinə çatdırılır. Bütövlükdə mən Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının təşviqat hissəsini uğurlu hesab edə bilərəm."
"Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə alternativ ola biləcək seçki proqramı və yaxud Azərbaycanı idarə etmək konsepsiyası ortaya qoymaq sadəcə olaraq mümkün deyil"
Kütləvi tədbirlərə gəldikdə isə YAP-ın çoxlu sayda görüşlərin kütləvi tədbirlərlə əlaqəli şəkildə həyata keçirildiyini vurğulayan Əli Əhmədov qeyd edib ki, Azərbaycanın bütün bölgələrində kütləvi aksiyalarımızın planlaşdırılması nəzərdə tutulub və plana uyğun olaraq belə görüşlər keçirilir: "Biz hadisələri və prosesləri izləyirik və əgər Bakı şəhərində də möhtəşəm bir kütləvi aksiyanın keçirilməsinə ehtiyac duyacağıqsa, belə bir tədbir keçirəcəyik."
YAP Sədrinin müavini -İcra katibi eyni zamanda bildirib ki, "Milli Şura"nın seçki kampaniyası ilə əlaqədar taktikası o qədər bəsitdir ki, onu başa düsməmək qeyri-mümkündür: "Nədən ibarətdir bunların taktikası? Əlbəttə, Azərbaycanda son 10 ildə İlham Əliyevin rəhbərliyi altında möhtəşəm bir inkişaf yaşanıb. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ölkənin həyatında ciddi dəyişikliklər baş verib, bütövlükdə Azərbaycanın siması dəyişib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə alternativ ola biləcək seçki proqramı və yaxud Azərbaycanı idarə etmək konsepsiyası ortaya qoymaq sadəcə olaraq mümkün deyil. Çünki 10 il ərzində Azərbaycanın bu qədər inkişaf edəcəyini yəqin ki, 10 il bundan əvvəl heç kim düşünə bilmirdi. Bütün bunların qarşısında insanları bundan da artıq cəlb edə biləcək bir proqramın ortaya qoyulması mümkün deyil. Hesab edirəm ki, "Milli Şura" tərəfindən irəliyə sürülən namizəd də, onun ideoloqları da bunu çox gözəl başa düşürlər. İrəliyə sürülən istənilən proqram Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə müqayisədə çox sönük görünəcək və insanların diqqətini cəlb etmək gücündə olmayacaq. Belə olan halda "Milli Şura" insanların diqqətini yalnız qalmaqalla cəlb etmək taktikasını seçib. Böhtan atmaq, şərləmək və təbiidir ki, bunun adekvat reaksiyasını almaq və beləliklə də özlərinin guya təzyiqlərə və hücumlara məruz qaldıqları haqqında bir təəssürat yaratmaq. Onların taktikası bundan ibarətdir. İnanıram ki, belə bir taktika heç bir uğura gətirib çıxara bilməyəcək."
"Azərbaycanda normal, ədalətli, bərabər yarışma şəklində seçkilərin keçirilməsi üçün hər bir imkanlar yaradılıb"
Daha bir məqamı da qeyd etmək yerinə düşərdi ki, seçkilər ərəfəsində bir sıra beynəlxalq müşahidəçilər və qurumlar özlərinin aralıq hesabatlarını təqdim etməkdədirlər. Bu mənada, birmənalı fikrin səsləndirilməsinin düzgün olmadığını bildirən Əli Əhmədov qeyd edib ki, beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti əslində Azərbaycanda keçirilən seçki kampaniyalarına obyektiv qiymət verməyə meyillidirlər: "Amma onların içərisində seçki kampaniyasına obyektiv şəkildə yanaşmaq fikrindən uzaq olanlar da yox deyil. Bir sıra hallarda açıq şəkildə müşahidə edirik ki, beynəlxalq müşahidəçilərin bəziləri seçki kampaniyasını artıq hazır rəylə gələrək müşahidə etməyə başlayırlar. Belə olan halda, əslində müşahidədən deyil, əvvəlcədən məlum olan rəyin əsaslandırılması üçün bir fonun yaradılmasından söhbət gedə bilər. Biz Azərbaycanda seçki kampaniyasının bütün gedişinin obyektiv şəkildə müşahidə edilməsini və dəyərləndirilməsini istəyirik. Azərbaycanda normal, ədalətli, bərabər yarışma şəklində seçkilərin keçirilməsi üçün hər bir imkanlar yaradılıb.
Yeni Azərbaycan Partiyası əslində seçkilərin məhz bu prinsiplər əsasında keçirilməsində hamıdan çox maraqlıdır. Ona görə ki, YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkidə qalib gəlmək şansı digər namizədlərlə müqayisədə, əslində müqayisəyəgəlməz dərəcədə böyükdür. Belə olan halda, Yeni Azərbaycan Partiyası üçün seçkilərin demokratik, ədalətli şəkildə keçirilməsi həddən artıq zəruridir və biz beynəlxalq təşkilatlardan da seçki kampaniyasının gedişinə məhz bu prinsiplər əsasında, bu prizmadan yanaşaraq qiymət verməyi gözləyirik."
"Əsas hakim də məhz Azərbaycan xalqıdır"
Ölkədə prezident seçkilərinin Azərbaycan üçün, Azərbaycanın növbəti beşillik mərhələdə inkişafının təmin edilməsi üçün keçirildiyini də qeyd edən YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov həmçinin bildirib ki, əsas hakim də məhz Azərbaycan xalqıdır, Azərbaycan seçiciləridir: "Bizim üçün ən önəmlisi Azərbaycan xalqının rəyidir. Eyni zamanda, beynəlxalq müşahidəçilərin də obyektiv rəyini istəyirik."
Göründüyü kimi, buradan bir daha aydın olur ki, xalqın partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin budəfəki şansları da ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki özlərini müxalifət adlandıraraq xalqa yalan danışan, görülən uğurlu işləri qərəzli qaydada böhtan kampaniyaları çərçivəsində saxlamağa can atan ənənəvi müxalifət və onların "Milli Şura"dakı namizədləri Azərbaycan xalqı tərəfindən ciddiyə alınmamaqla yanaşı, heç bir dəstək ala bilməyiblər. Bu faktor isə, əlbəttə ki, YAP namizədinin qələbəsini təmin edir.
Rövşən NURƏDDİNOĞLU