Mərkəzi Seçki Komissiyası 9 oktyabr 2013-cü il tarixinə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq məqsədi ilə Dairə Seçki Komissiyalarının məsləhətçi-operatorları üçün praktiki təlimə start verib. SİA-nın məlumatına görə, treninqdə çıxış edən MSK Katibliyinin müdiri Rövzət Qasımov bildirib ki, MSK seçkilərin şəffaflığı və informasiyaların sürətlə, tez bir zamanda cəmiyyətə çatdırılması üçün bir sıra tədbirlər həyata keçirib: "Bu il 125 seçki dairəsinin hamısına optik xətt çəkilib və MSK ilə lokal şəbəkədə birləşdirilib. Yeni yaradılan lokal şəbəkənin geniş imkanlarından istifadə edərək məlumatların daha operativ, intensiv və təhlükəsiz məlumat mübadiləsi, toplanması, saxlanılması və ictimailəşdirilməsi üçün "SEÇKİLƏR" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı yaradılıb.R.Qasımov qeyd edib ki, əvvəlki seçkilərdə hesablama prosesi 5-6 saat sonra qəbul edilməyə başlanılıb: "Bu dəfə həmin məlumatların daha tez ictimaiyyətə çatdırılmasına çalışacağıq. Bu da seçkilərin şəffaflığını tam təmin edəcək".R.Qasımov vurğulayıb ki, məlumatlar maksimum ictimailəşdirilməlidir.Qeyd edək ki, üç gün davam edəcək treninqin məqsədi operatorlara seçki günü məlumatları MSK-ya ötürmək üçün istifadə edəcəkləri "SEÇKİLƏR" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktik bilgi vermək, əyani formada istifadə qaydalarını öyrətmək, onları maraqlandıran suallara aydınlıq gətirməkdir. Operatorlar seminar zamanı adı qeyd edilən treninqdə praktik iş təcrübəsi qazanacaqlar ki, bu da seçki günü ondan daha rahat istifadəni təmin edəcək.
sia.az