Azərbaycan BMT Təhlükəsizlik Şurasında hər zaman olduğu kimi yenə də beynəlxalq hüququ və ədaləti müdafiə edəcəkdir.AzərTAc xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ölkəmizin BMT Təhlükəsizlik Şurasına növbəti dəfə sədrliyini şərh edərkən demişdir.
Azərbaycanın həmişə dünyada sivilizasiyalararası dialoqa töhfə verən bir ölkə kimi tanındığını söyləyən E.Abdullayev Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığı gücləndirmək məqsədilə yüksək səviyyəli görüşlər keçirmək niyyətində olduğunu bildirmişdir.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BMT Baş Məclisindəki çıxışına toxunan Elman Abdullayev bildirmişdir ki, rəsmi Yerevan beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda davam edir. O, Ermənistanın BMT Təhlükəsizik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinə məhəl qoymayaraq Azərbaycan torpaqlarının işğalını davam etdirməsinin bütün regionda sülh və təhlükəsizliyə təhdid kimi qəbul edildiyini diqqətə çatdırmışdır. E.Abdullayev demişdir: "Ermənistanın xarici işlər naziri unutmamalıdır ki, Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın və ətraf yeddi rayonun Azərbaycana məxsus olduğu göstərilir. E.Nalbandyanın işarə etdiyi sülh və təhlükəsizlik Azərbaycan ərazilərinin işğalı ilə pozulmuşdur və yalnız bu ərazilərin azad olunması ilə bərpa edilə bilər. Ermənistan rəhbərliyi günahsız insanların qanını tökmüş terrorçulara abidə qoymaqla onları gələcək nəsillərə qəhrəman kimi təqdim edir. Bu da ölkənin terrorçuluğu dəstəkləməsinin göstəricisidir".
E.Abdullayev "Google Earth" axtarış sistemində coğrafi adlarımızın təhrif olunmasına dair məsələnin araşdırılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin ABŞ-dakı səfirliyinə tapşırıq verdiyini qeyd etmişdir. O, həmçinin əlavə etmişdir ki, Azərbaycan vətəndaşları, o cümlədən xaricdə yaşayan soydaşlarımız da bu cür təxribatçı addımlara münasibətlərini bildirməlidirlər.
AzərTAc