İlham Əliyev: "Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq"
Azərbaycanda korrupsiyaya qarşı mübarizə müxtəlif mərhələlərlə aparılıb və bu mübarizə hər zaman qanunçuluq prinsipləri əsasında həyata keçirilib. Bu mərhələdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilib. Korrupsiyaya qarşı mübarizəni daha da təkmilləşdirmək məqsədilə vahid strategiyanın hazırlanması məsələsi gündəmə gəldikdə xüsusi dövlət proqramlarının qəbulunin vacibliyi ortaya çıxdı. Məhz korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliyinin təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsi məqsədilə "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)" qəbul edildi və uğurla icra olundu. Korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlər ratifikasiya edilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmaqdadır. Ötən müddət ərzində Azərbaycanda korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılıb. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Xüsusilə, vurğulamaq lazımdır ki, korrupsiyaya qarşı mübarizə bilavasitə dövlət siyasətinin tərkib hissəsi, eləcə də prinsiplərindəndir. Belə ki, ölkə Prezidenti İlham Əliyev daim bu məsələni diqqətində saxlamış, bu kontekstdə müvafiq qurumlara öz tapşırıqlarını vermişdir.
"Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar var. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işi yüksək qiymətləndirilməlidir. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır". Məlumata görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı zamanı Prezident İlham Əliyev deyib.
"İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaq"
Dövlət başçısı eyni zamanda qeyd edib ki, şəffaflıq indeksinə görə Azərbaycan dünya miqyasında ön plandadır: "Hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya var. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə, əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaq".
Dövlət başçısı bu sahədə aparılan sistemli islahatlara da toxunub. "ASAN xidmət"in fəaliyyətini önə çəkən dövlət başçısı qısa müddət ərzində "ASAN xidmət"ə 500 mindən artıq vətəndaşın müraciət etdiyini vurğulayıb: "Bu xidmət cəmi bir ildən az bir vaxtda fəaliyyət göstərir və özü də təkcə Bakını, Sumqayıtı və Abşeron yarımadasını əhatə edir. Ancaq insanlar müraciət edir. Nəyə görə? Çünki orada korrupsiya yoxdur. Orada insanlara mədəni xidmət göstərilir. Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə var. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər var. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaq. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir".
Göründüyü kimi, bu gün ölkədə bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə də davamlı və sərt şəkildə aparılmaqdadır. Bu faktor isə bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, qısa zaman kəsimində bu bəlanın kökü ölkədə tamamilə kəsiləcək.
Rövşən NURƏDDİNOĞLU