Bu gün Bakı Biznes Unversitetində Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərindəki namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yasamal rayonundan olan seçicilərlə növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Bakı Dövlət Unversitetinin (BDU) rektoru, akademik, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai-Siyasi Universitetin rektoru Rasim Nəbiyev, Bakı Biznes Unversitetinin rektoru İbad Abbasov və digər şəxslər iştirak ediblər.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri F.İsmayılov Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nəaliyyətlərdən, davamlı inkişafından və ölkədəki mövcud sabitlikdən danışıb: "Əziz seçicilər, bu inkişafı davamlı etmək, balalarımızın xoşbəxt həyatı, əmin-amanlıq üçün Azərbaycanın işıqlı gələcəyi naminə gəlin, cənab İlham Əliyevə səs verək".
Çıxış edənlər növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin Azərbaycanın növbəti illərdəki nailiyyətlərini təmin edəcəyini deyiblər. Vurğulanıb ki, Azərbaycan hər bir sahədə yüksəliş dövrünü yaşayır.
Görüşün sonunda Yasamal rayon sakinləri çıxış edərək bildiriblər ki, prezident seçkilərində xalqını, Vətənini, milli mənafeyini hər şeydən üstün tutan şəxsə - İlham Əliyevə səs verəcəklər.
sia.az