YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla və yüksək səviyyədə aparılır. Bu məqsədlə keçirilən görüşlərdə, tərbirlərdə seçicilər ruh yüksəkliyi ilə iştirak edir və YAP-ın namizədinə öz ehtiramlarını, inamlarını bildirirlər. Bütün bölgələrdə aparılan bu uğurlu kampaniya Qubada da fəallıqla müşahidə olunur. YAP-ın namizədi Cənab İlham Əliyevin Quba rayonu üzrə Seçki Qərərgahının nümayəndələri Tüləkəran və Alekseyevka icra ərazi dairələrində seçicilərlə görüşlər keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyev 10 illik fəaliyyəti dövründə Ulu Öndər Heydər Əliyev kursuna sadiq qalaraq ölkəmizi dünya ölkələri arasında lider ölkəyə çevirdi: "Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik məfkurəsi Onun layiqli davamçısı olan Cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də, onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi və siyasi qüdrətini artırdıqca onun siyasi mövqeləri daha da möhkəmlənir. Bütün bunlar isə həyata keçirilən düzgün siyasi strategiyaya əsaslanır ki, bunun fonunda Azərbaycan dünyada öz mövqeyini durmadan möhkəmləndirir. Məhz bunların nəticəsində xalqımız 9 oktyabrda seçki məntəqələrinə gedərək, Cənab İlham Əliyevə səs verəcək".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Yevda Abramov bildirib ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz günü-gündən güclənir: "Ölkənin müstəqilliyinin ilk illərində düşmüş olduğumuz ağır və böhranlı dövrlərində, xalqımıza və dövlətimizə qarşı təcavüzlərə məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində son qoyuldu. Ümummilli Lider Heydər Əliyev tərəfindən müasir və müstəqil Azərbaycanın fundamental əsasları qoyuldu. Dövlətimiz və xalqımız öz milli kimliyinə qovuşdu. Ölkəmiz müstəqil və güclü oldu. Azərbaycan bir dövlət kimi beynəlxalq arenada özünü tanıda bildi. Bu gün isə Ulu Öndər Heydər Əliyev siyasi dühasının ən layiqli davamçısı olan Cənab İlham Əliyev tərəfindən Azərbaycan dünyada ən aparıcı bir mövqeyə yüksəlib. Möhtərəm İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət nəticəsində ölkəmizin iqtisadi-siyasi mövqeləri sarsılmaz dayaqlar üzərində qurulub. Ölkəmizin dünyada artan nüfuzu Onun mövqelərinin günü-gündən güclənməsindən xəbər verir. Bütün bunları nəzərə alaraq hamımız 9 oktyabrda YAP-ın namizədinə səs verəcəyik".
Görüşdə seçicilər ötən prezident seçkisində olduğu kimi bu seçkidə də Cənab İlham Əliyevi dəstəkləyəcəklərini və Ona səs verəcəklərini bildiriblər.
Cahid Süleymanov