Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində verdiyi fərmanlar, göstərişlər, imzaladığı sərəncamlar hər zaman öz müsbət nəticəsini verir. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanda korrupsiyanın kökü tamamilə kəsilməlidir. Söhbət etdiyimiz müsahiblərimiz də aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanda korrupsiyanın kökünün tamamilə kəsiləcəyinə əminliklərini bildiriblər.
Millət vəkili Aydın Mirzəzadə:
- Prezident İlham Əliyevin yürütdüyü siyasətinin bir istiqaməti də korrupsiyanın kökündən kəsilməsidir. Azərbaycan vətəndaşlarının bu mövzuda heç bir probleminin olmaması istiqamətində Prezident yüksək səviyyədə işlər görür. Prezident İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında "Korrupsiyanın kökü Azərbaycanda tamamilə kəsilməlidir" fikri bu istiqamətdəki siyasətinin bariz nümunəsidir. Azərbaycanda aparılan bütün hüquqi və iqtisadi islahatlar məhz buna yönəlib. Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə görülən bütün işlər təqdirəlayiqdir.
Millət vəkili Çingiz Qənizadə:
-Cənab Prezident İlham Əliyev tərəfindən bu gün ölkəmizdə gedən uğurlu inkişaf prossesinə mane olan məsələlərin həlli istiqamətində, eləcə də, korrupsiyanın aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilib. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun, 2008-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında" Fərman dövlətin bütün sahələrə eyni diqqətinin bariz nümunəsidir. Sosial ədalət prinsiplərinin bərqərar olması, ədalətli məhkəmə sistemi, dövlət orqanlarında şəffaflığın təmin edilməsi, ictimai nəzarət, demokratiyanın inkişaf etdiyi ölkələr üçün ölçü meyarlarıdır. Məhz bu meyarlarlar ona nail olan hər hansı bir dövləti inkişaf etmiş ölkə hesab etməyə əsas verir. Cənab Prezidentin apardığı düzgün siyasətin, görülən işlərin nəticəsi olaraq bu gün Azərbaycanda bütün bu meyarlar özünü yüksək səviyyədə göstərməkdədir. Hesab edirəm ki, ölkə başçısının korrupsiyaya qarşı mübarizə tədbirləri bundan sonra da gücləndiriləcək.
Millət vəkili Musa Quliyev:
- Azərbaycan artıq özünün yeni iqtisadi inkişaf mərhələsinə daxil olub və hazırkı siyasi kurs insanların yüksək sosial rifahına nail olmağa yönəlib. Azərbaycanın dinamik inkişafını təmin etmək üçün bu proseslərə mane olan faktorlar, xüsusilə də, korrupsiyaya qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi zəruridir. İqtisadi cəhətdən zəif olan ölkələrdə korrupsiyanın səviyyəsi də aşağı olur. Ölkənin iqtisadiyyatı gücləndikcə bir sıra korrupsiya problemləri də mövcud olur. Bizim 10 il əvvəl üzləşdiyimiz korrupsiya problemləri ilə bugünkü korrupsiyanın xarakteri arasında fərqlər var. Bugünkü korrupsiya Azərbaycanın güclü iqtisadi inkişafından doğan amillərlə bağlıdır. Bu məqsədlə Cənab Prezident bu yöndə bir sıra islahatlar həyata keçirib və bu gün də korrupsiyaya qarşı mübarizə üsullarını təkmilləşdirir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni:
-Cənab Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizəyə hər zaman dövlət siyasətinin tərkib hissəsi kimi baxıb. Bu məqsədlə bu yöndə bir sıra addımlar atılıb və bu gün də atılmaqda davam etdirilir. Xüsusilə, son zamanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən fərmanlar və sərəncamlar korrupsiyaya qarşı mübarizəni daha da gücləndirir. Burada əsas məqsəd ölkəmizdə yüksək sosial rifahı, iqtisadi inkişafı təmin edəcək qanunun aliliyinə nail olmaqdır. Hazırda ölkənin bütün regionlarında korrupsiya, qeyri-şəffaflıq, sahibkarların əsassız yoxlama hallarına qarşı mübarizə prinsipial xarakter alıb. Görülən işlərin müsbət nəticələrini vətəndaşlar görür və dəyərləndirir. Bu sahədə tədbirlərin daha da gücləndirilməsi ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir.
İntizarə Məmmədova,
Cahid Süleymanov