Milli Qeyri-Hökumət TSeçki maarifçiliyi, əhalinin seçki fəallığının artırılması, seçki hüququ ilə bağlı tədbir keçirilmişdir
Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) seçki koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə paytaxtın Nizami rayonunda seçki maarifçiliyi, əhalinin seçki fəallığının artırılması, seçki hüququ ilə bağlı tədbir keçirmişdir.
MQF-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, seçki müşahidəçilərinin, siyasi partiyaların, bələdiyyələrin, QHT nümayəndələrinin iştirak etdikləri tədbirdə ekspertlər seçki qanunvericiliyi, seçici hüquqları, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi mövzusunda çıxışlar etmiş, ayrı-ayrı təbəqədən olan şəxslərin suallarını cavablandırmış, onlarla fərdi söhbətlər aparmışlar. Xüsusilə ilk dəfə seçkidə iştirak edəcək gənclər üçün belə maarifçilik fəaliyyətinin zəruri olduğu qeyd edilmişdir.
Sonda "MQF" seçki koalisiyası seçiciləri oktyabrın 9-da keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırmışdır.
"2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Milli QHT Forumunun "MQF" seçki koalisiyası tərəfindən icra edilir.
AzərTAc