Azərbaycan Prezidenti İlham Əliyev Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər. Dövlətimizin başçısı pansionatın yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaradılmış şəraitlə tanış oldular.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına və xanımına məlumat verdi ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılmışdır. Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilmişdir. Bildirildi ki, təmirdən əvvəl pansionatda 160-a qədər sakin yaşayırdısa, təmirdən sonra onların sayı 300-ə çatmışdır. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatın sakinləri ilə görüşdülər, çay süfrəsi arxasında söhbət etdilər: "Sizi salamlayıram. Bu gün bildiyiniz kimi, dünyada Ahıllar Günü qeyd edilir. Biz bu gündə əmək və müharibə veteranları üçün pansionatın yenidən qurulmasını qeyd edirik. Bu pansionat 1960-cı illərdə tikilmişdir. 1998-ci ildə ulu öndər Heydər Əliyev buraya gəlmişdir, veteranlarla görüşmüşdür. İndi bu pansionata yeni həyat verilir. Yeni korpus tikilmişdir. Əvvəlki korpus əsaslı təmir edilmişdir. Burada çox gözəl şərait yaradılmışdır. İndi burada 300 veteran yaşaya və dincələ bilər. Hər cür şərait vardır. Burada çox gözəl, müasir standartlar tətbiq edilib, gözəl bir otelə oxşayır. Əslində, belə də olmalıdır. Çünki Azərbaycanda veteranlara həmişə böyük hörmət olub. Ümumiyyətlə, cəmiyyətimizin çox möhkəm dayaqları vardır və dövlətimizin də əsasları milli dəyərlərdən ibarətdir. Azərbaycan cəmiyyətində bütün dövrlərdə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət olubdur. Biz bu ənənələri yaşatmalıyıq. Elə etməliyik ki, gənc nəsil də bu ruhda, milli ruhda böyüsün, milli dəyərlər əsasında öz həyatını qursun və sizdən nümunə götürsün. Siz Azərbaycan üçün, ölkəmiz üçün müxtəlif dövrlərdə böyük xidmətlər göstərmisiniz, işləmisiniz və bu gün ahıl yaşlarınızda dövlət tərəfindən təmin edilmisiniz. Bu pansionatın yenidən qurulması, bax belə müasir səviyyədə işlərin görülməsi Azərbaycan dövlətinin güclü sosial dövlət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır.
Bu gün müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir. İldən-ilə artan pensiyalar, maaşlar, ünvanlı sosial yardım, - 120 min ailə sosial yardım alır, - son on il ərzində yoxsulluq təxminən on dəfə aşağı düşmüşdür. Köçkünlərə olan münasibət. Hər il 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yaşlı nəslə olan münasibət Azərbaycanı tam şəkildə sosial dövlət kimi təcəssüm etdirir. Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir. Biz bütün sahələrdə nümunəvi ölkə olmalıyıq. Elə etməliyik ki, ölkəmiz hər bir sahədə güclənsin və vətəndaşlar daha da yaxşı yaşasınlar. Əlbəttə, inkişaf etmiş ölkələrdə yaşlı nəsil üçün evlər, pansionatlar, sanatoriyalar tikilir. Ancaq bizdən olan fərq ondan ibarətdir ki, orada bütün xidmətlər pulludur. Kimin pulu var gedir orada yaşayır, kimin pulu yoxdursa, necə deyərlər, qalır ağır vəziyyətdə.
Burada isə dövlət bütün xərcləri öz üzərinə götürmüşdür. Yəni, sizin bütün təminatınız, burada yaradılan bütün şərait və gələcəkdə bu pansionatın istismarı - bütün işlər dövlətin hesabına görüləcəkdir. Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, Azərbaycan insanıdır. Vaxtilə neft kapitalını insan kapitalına çevirmək şüarımız bu gün reallaşır. Mən bu əziz gündə sizi ürəkdən salamlayıram. Çox şadam ki, bu günü biz sizinlə bərabər qeyd edirik. Əminəm ki, bu yeni korpusda və təmirdən çıxmış köhnə korpusda veteranlarımız rahat yaşayacaqlar." Sonda xatirə şəkli çəkdirildi.