Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin Baiya ştatına səfər etmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində azərbaycanlı diplomat bir sıra görüşlər keçirmişdir.
Salvador şəhərinin meri Antonio Karlos Magalayeş Neto ilə görüşdə şəhərlərarası əməkdaşlığın yaradılması, təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilmiş və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmışdır.
Səfir E.Sultanov A.Netoya Azərbaycan-Braziliya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycanın regionlarının müasir və sürətli inkişafı barədə məlumat vermişdir.
Baiya ştatı hökumətinin beynəlxalq məsələlər üzrə katibi Suzanna Sa ilə görüş zamanı Braziliyanın Baiya ştatı və Azərbaycan arasında iqtisadiyyat, təhsil, idman, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Səfir E.Sultanov Azərbaycan-Braziliya əlaqələri, son ildə müxtəlif sahələrdə, xüsusən humanitar sahədə həyata keçirilmiş layihə və tədbirlər haqqında danışmışdır.
Suzanna Sa Baiya ştatının Azərbaycan ilə əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirmiş və bir neçə təşəbbüs irəli sürmüşdür.
Baiya ştatının Federal Universitetinin rektoru Dora Leal ilə görüşdə bu ali məktəb ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın təşviq edilməsi, akademik dairələr arasında əlaqələrin yaradılması kimi məsələlər əsas müzakirə mövzusu olmuşdur.
Rektor universitetin tarixi və tədris proqramları barədə məlumat vermişdir.
Səfir E.Sultanov Azərbaycan hökumətinin təhsilin inkişafına böyük əhəmiyyət verdiyini, gənclərin xaricdə təhsil alması üzrə Dövlət Proqramının həyata keçirildiyini bildirmişdir.
Görüşlərdə Azərbaycanın tarixini, mədəniyyətini, müasir inkişafını əks etdirən müvafiq materiallar təqdim edilmişdir.
AzərTAc