Oktyabrın 9-da respublikamızda keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı məlumatların Liviya mətbuatında işıqlandırılması məqsədilə Azərbaycanın Liviyadakı səfirliyinin əməkdaşları ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşlərdə qarşı tərəfə respublikamızda növbəti prezident seçkiləri və həmin ərəfədə ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirilməsi, namizədlərin qeydə alınması üçün lazımi şəraitin yaradılması, söz və mətbuat azadlığının təmin edilməsi haqqında ətraflı məlumat verilmişdir.
Keçirilən görüşlərin nəticəsi olaraq ölkənin rəsmi qəzeti "Fevral"ın 2013-cü il 26 sentyabr tarixli 541-ci sayında "Azərbaycan Respublikasında seçki proqramı" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə Azərbaycanın əldə etdiyi nailiyyətlər və müxtəlif sahələrdə həyata keçirilmiş islahatlar barədə ətraflı məlumatlar oxucuların diqqətinə çatdırılmışdır.
Yazıda Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olması, quyuların qazılması və geoloji tədqiqatların aparılması və s. kimi neft-qaz hasilatı sahəsində böyük təcrübəyə malik olması ilə yanaşı, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində əldə olunmuş uğurlardan bəhs edilmişdir. Həmçinin son illərdə Azərbaycanın ümumi daxili məhsulunun 3 dəfə, dövlət büdcəsinin 19 dəfə artdığı, respublikada yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizə endiyi, 1 milyondan artıq yeni iş yerlərinin açıldığı və artıq Azərbaycanın xarici valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyi vurğulanmışdır. Əldə edilmiş uğurlar nəticəsində Azərbaycanın sərmayə alan ölkədən, sərmayə yatıran ölkəyə çevrildiyi diqqətə çatdırılmışdır.
Həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğu qeyd edilmişdir.
Müstəqilliyinin bərpasının 20-ci ildönümündə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi diqqətə çatdırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının bir çox nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildiyi vurğulanmışdır.
Bununla yanaşı, ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə bir çox beynəlxalq təşkilatlara (ATƏT, GÜAM, MDB, BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı) dəvət göndərildiyi və üç minədək beynəlxalq müşahidəçi və çoxsaylı yerli müşahidəçilərin iştirakının gözlənildiyi bildirilmişdir.
AzərTAc