Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın 1-də öz işini davam etdirmişdir.
Sessiyanın qonağı Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin avropalı deputatlar qarşısında çıxışında Rusiyanın Avropa Şurasına 17 il bundan əvvəl üzv olduğunu xatırlatmış və ölkəsinin bu qurumla əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırmışdır.
S.Narışkin müasir dövrdə parlament diplomatiyasının mühüm amilə çevrildiyini, dünyada yaşanan bəzi siyasi problemlərin deputatların səyi ilə həll olunduğunu, Avropa Şurasının Avropa xalqlarının yaxınlaşmasında mühüm rol oynadığını bildirmişdir.
AŞPA monitorinq komitəsinin fəaliyyətindən bəhs edən duma sədri komitənin sürətlə inkişaf edən hadisələrlə ayaqlaşmadığını, onun işində qəti dönüş yaratmaq vaxtının çatdığını, qurumda yenidənqurma və islahatlar aparılmasının vacibliyini vurğulamışdır. O, dünyada getdikcə artan insan orqanları və narkotik maddə qaçaqmalçılığının, neofaşizm və rasizm meyillərinin güclənməsinin bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırmış, belə hallara qarşı mübarizədə bütün Avropa ölkələrinin səylərini birləşdirməyin vacibliyini qeyd etmişdir.
Rusiyanın yürütdüyü xarici siyasətə və Suriyadakı mövcud vəziyyətə toxunan S.Narışkin müharibələrin yalnız insan tələfatı ilə deyil, eyni zamanda xalqların əsrlər boyu yaratdıqlarını məhv etməklə yaddaşlarda qaldığını, Avropanın bir çox ölkələrinin Suriyaya hərbi müdaxilənin əleyhinə olduqlarını, bu ölkədəki kimyəvi silahların məhv edilməsi məsələsində Amerika Birləşmiş Ştatları ilə ölkəsinin ümumi razılığa gəlməsini müsbət addım kimi dəyərləndirmişdir.
Sonra Rusiya parlamentinin sədri AŞPA deputatlarının suallarına cavab vermişdir. AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının rəhbəri, ispaniyalı deputat Pedro Aqramunt Sergey Narışkinə Rusiyanın Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında iştirak edən Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan və Ermənistana Avropa dəyərlərinə inteqrasiyada təzyiq göstərməsinə dair sualla müraciət etmişdir.
S.Narışkin suala cavabında demişdir: "Rusiyanın MDB ölkələri ilə siyasi, iqtisadi, humanitar və hərbi-texniki sahələrində böyük həcmli əməkdaşlığı mövcuddur. Buraya adını çəkdiyiniz ölkələr də daxildir. Gömrük İttifaqına daxil olmuş Rusiya, Qazaxıstan və Belarus kimi ölkələr bu quruma digər ölkələrin də cəlb edilməsində, onun genişləndirilməsində maraqlıdırlar. Amma bütün bu ölkələr ilk növbədə suveren ölkələrdir və onların hökumətləri və xalqları özləri qərar verməkdə müstəqildir. Rusiya bu məsələlərdə heç bir ölkəyə təzyiq göstərmir. Biz, sadəcə, hüquqi çərçivədə bu ölkələrə müqayisəli informasiya verməyə çalışırıq. Biz bu ölkələrin ümumi iqtisadi zona olan Gömrük İttifaqına, Avrasiya İttifaqına qoşularaq daha çox mənfəət götürmələrini istəyirik, yoxsa Avropa Birliyi ilə Assosiativ saziş barədə razılığa gəlsələr, onları nələr gözləyəcəyini bilmək olmaz. Biz bunu onların diqqətinə çatdırırıq. Ukraynaya gəldikdə, onun hansı təşkilata, hansı müqavilələrə qoşulmasından asılı olmayaraq, Rusiya həmişə bu ölkənin taleyi üçün narahatdır və bu məsələyə biganə qalmayacaq. Çünki orada bizim din və qan qardaşlarımız, bacılarımız yaşayırlar".
AzərTAc