Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında ilk səs verən seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüş YAP Səbail rayon təşkilatının Qərargahında baş tutub.
Tədbirdə çıxış edən YAP İdarə heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov bildirib ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində, YAP-ın üzvlərinin iştirakı ilə bir sıra tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, tədbirlər çərçivəsində gənclər, qadınlar və ahıllarla bir sıra görüşlər keçirilib: "Səbail rayonunun 104 min əhalisi var. Onlardan 24 min nəfəri YAP-ın üzvüdür. Rayonda 47 mindən çox seçici var. İndiyə qədər onların əksəriyyəti ilə görüşlər keçirilib. Azərbaycanda demokratik şərait hökm sürür və hər kəs istədiyi namizədə sərbəst şəkildə səs verə bilər. Mən belə düşünürəm ki, siz gənclər artıq öz seçiminizi etmisiniz. Çünki, başlanan işləri indiyə qədər kim görübsə, o da davam etdirməlidir. Hər bir gəncin seçimi məlumdur. Gənclər öz gələcəyi olan Prezident İlham Əliyevə səs verəcək. Sizə bu yolda uğurlar arzu edirəm".
Çıxışı zamanı Z. Qaralov bildirib ki, aparılan tədqiqatlara görə, YAP-ın namizədindən başqa, digər namizədlər hamısı birlikdə 9 oktyabrda keçiriləcək Prezident seçkilərində 10 faizdən çox səs ala bilməyəcəklər: "Çünki, namizədlərin əksəriyyəti təhqir və tənqidi fikirlər səsləndiməklə məşğuldurlar. Ədəbsiz insanı rəhbər seçmək mümkün deyil. Onlar öz hədəflərini kampaniya çərçivəsində göstərdilər".
Tədbirin davamında YAP Səbail rayon Təşkilatının sədr müavini Hacan Hacıyev, YAP Siyasi Şurasının üzvü, Təşkilatın idarə heyətinin üzvü Rizvan Vahabov , YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov və digərləri də çıxış ediblər.
sia.az