1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri Azərbaycanın dilbər guşələrindən olan Xocavəndi işğal etmişdir. Həmin vaxtdan 21 il ötür.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılmışdı. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunun tərkibinə 1 şəhər, 2 qəsəbə və 81 kənd daxil idi.
Rayonun işğalı mərhələ-mərhələ həyata keçirilmişdir. 1991-ci il oktyabrın 30-da azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilmişdir. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törətmiş, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirmişlər. Bu qanlı hadisə Azərbaycan tarixinə Qaradağlı faciəsi kimi yazılmışdır. 1992-ci il oktyabrın 2-də Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən zəbt edilərək yandırılmışdır.
Bu ədalətsiz və qüvvələrin qeyri-bərabər olduğu müharibədə Xocavənd 145 şəhid vermişdir. Rayonun 300-dən çox sakini əlil olmuş, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirmişdir. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49-u erməni faşistləri tərəfindən qətlə yetirilmişdir.
İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye və 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə və 17 təhsil müəssisəsi, 59 mədəniyyət ocağı, 32 körpü, 42 su anbarı, 316 kilometr uzunluğunda su kəməri və digər maddi-mədəni sərvətlər talan edilmiş, dağıdılmışdır.
Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə də zəngindir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, V-XIII əsrlərə aid çoxlu qalalar və türbələr, Alban məbədləri, kilsələri və qəbiristanlıqları (III-VI əsrlər) və onlarca digər abidələr 21 ildir ki, əsarətdədir və erməni vəhşiliyinin qurbanına çevrilmişdir.
Özünəməxsus təbii sərvətlərə, təbiət abidələrinə malik Xocavənd rayonunda ehtiyatları 2 milyon kubmetrə çatan üzlük daşı, 989 min ton həcmində əhəngdaşı yataqları, külli miqdarda yeraltı şirin su mənbələri vardır. Qırmızı bazar qəsəbəsində yaşı 1000 və 2000 il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Qarakənd kəndində respublikanın "Qırmızı kitab"ına daxil edilmiş III dövrün relikt növünə aid nadir azat ağacları vardı. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsindəki qiymətli palıd ağacları qırılaraq talan edilmiş, bir sıra ərazilərdəki meşələr yer üzündən silinmiş, işğalçılar rayonun təbiətinə amansızcasına divan tutmuşlar.
Qarabağ müharibəsi haqqında tarixi həqiqətlərin, o cümlədən Xocavənd rayonunda erməni işğalçılarının törətdikləri bəşəri cinayətlərin, soyqırımların dünya ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Qaradağlı kəndində həyata keçirilmiş soyqırımı ilə bağlı bir sıra sənədli filmlər çəkilmiş və rus, ingilis dillərinə dublyaj olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə Xocavənd rayonunun işğaldan azad edilmiş "Nərgiztəpə" ərazisində "Şəhidlər" abidə kompleksi ucaldılmışdır.
Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər əsasən Beyləqan rayonu ərazisində məskunlaşmışlar. Onlar üçün 500 ailəlik qəsəbə salınmışdır. Burada rayonun bütün icra strukturları, idarə və müəssisələri, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, müasir tipli ATS, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir. Qəsəbədə inşa edilən Bayraq meydanının, parkın, polis və təhsil şöbələri üçün inzibati binaların, müasir idman zalının tikintisi yekunlaşmaq üzrədir.
Xocavəndli məcburi köçkünlər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, doğma yurd həsrəti ilə yaşayırlar və inanırlar ki, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcəkdir. Bu gün doğma yurd yerinin həsrəti ilə yaşayan xocavəndlilər torpaqlarımızın yadelli işğalçılardan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə bir nəfər kimi hazırdırlar.
AzərTAc