Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon üzrə Seçki Qərargahı 9 oktyabr 2013-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkilərində, hakim partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xəzər rayonunda çalışan elm xadimləri, alimlər və ziyalılarla görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə YAP-ın sədr müavini, AMEA-nın prezidenti Akif Əlizadə, hakim partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin üzvü Rauf Əliyev və digər qonaqlar iştirak ediblər.YAP-ın sədr müavini, AMEA-nın prezidenti Akif Əlizadə seçiciləri salamlayaraq deyib ki, ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb və böyük irəliləyişlər əldə edilib: "Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Hazırda Azərbaycan iqtisadiyyatı dünyanı bürüyən böhran illərində də durmadan inkişaf edir. Regional inkişaf proqramı uğurla icra edilir. Bakıətrafı kəndlərdə, eləcə də regionların sosial və iqtisadi məsələlərinin həlli üçün çox müfəssəl dövlət proqramları qəbul edilir. Azərbaycan gözəlləşir, abadlaşır, güclü dövlətə çevrilir. Bu gün Azərbaycana gələn hər bir xarici vətəndaş, hər bir qonaq, bu reallıqları görür, təqdir edir və qiymətləndirir". YAP-ın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov isə diqqətə çatdırıb ki, görüşün əsas məqsədi 9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkilərində hər kəsin xüsusilə ziyalılar, ağsaqqallar, alimlər başda olmaqla bütün seçicilərin müəyyən olunmuş seçki məntəqələrinə gələrək, hakim partiyanın namizədi İlham Əliyevə səs verməsinə çağırış etməkdir. Diqqətə çatdırılıb ki, son 10 il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz günü-gündən inkişaf edib və əldə olunan nailiyyətlər göz önündədir: "Ona görə də YAP-ın namizədi bu seçkilərdə öz qələbəsini artıq təmin edib".
Daha sonra Xəzər rayon Ağsaqqallar şurasının üzvü Cümşüd Muradov çıxış edərək cənab Prezident İlham Əliyev tərəfindən regionlara göstərilən diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, Xəzər rayonu da daxil olmaqla dövlət başçısı mütəmadi olaraq bölgələrə səfərlər edir və burada insanlarla görüşlər keçirərək onların problemlərini dinləyir: "Hesab edirəm ki, bütün bunları görməyən ancaq kor olmalıdır".Sonra Milli Aviasiya Akademiyasının dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Nazim Nağıyev, Xəzər rayon ziyalılar cəmiyyətinin sədri, tarix elmləri doktoru Təvəkkül Səlimov, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, 29 saylı BŞX-nın baş həkimi Hacı Hafiz Tağıyev və digərləri çıxış edərək seçkilərlə bağlı fikirlərini bölüşüblər.Görüşün sonunda ziyalılar hamını birmənalı olaraq prezidentliyə namizəd cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
sia.az