İranda daimi və müvəqqəti yaşamaq möhlətli, bu ölkədə səfərdə və ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının oktyabrın 9-da keçiriləcək prezident seçkilərində səsvermə hüququnu təmin etmək məqsədilə Azərbaycanın İrandakı səfirliyində seçki məntəqəsi yaradılmışdır. Məntəqədən verilən məlumata görə, İranda daimi və müvəqqəti yaşamaq möhləti olan vətəndaşlarımızın seçkidə iştirakının təmin edilməsi məqsədilə müasir rabitə vasitələri ilə onlara seçkidə iştirak etmək qaydaları, məntəqə seçki komissiyasının ünvanı və fəaliyyət müddəti, eləcə də digər zəruri məlumatlar çatdırılmışdır.
Məlumatda bildirilir ki, Tehranda yaradılmış məntəqədə səsvermə hüququna malik olan vətəndaşlarımızın əsas hissəsi Qum və Məşhəd şəhərlərində təhsil alan tələbələrimizdir. Onların səsvermədə iştirakının təmin edilməsi məqsədilə seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydalar əsasında nəqliyyat vasitələrinin təşkili ilə bağlı müəyyən tədbirlər görülür. Məlumatda bildirilir ki, səfirlikdəki seçki məntəqəsində səsvermənin azad və ədalətli, demokratik və şəffaf təşkil edilməsi üçün Mərkəzi Seçki Komissiyasının bütün tələblərinə birmənalı qaydada əməl olunur.
AzərTAc