Moskva vilayətinin Domodedovo şəhərinin mədəniyyət evində "Azərbaycan və Rusiya xalqlarının dostluğu sərhəd tanımır" devizi altında gecə keçirilmişdir.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin rəhbəri, Rusiyanın Əməkdar İnşaatçısı Əlizaman Rəhimovun dəstəyi ilə keçirilən tədbirdə Moskva şəhəri və vilayətindən olan yüzlərlə Azərbaycan və Rusiya vətəndaşları iştirak etmişlər.
İki dost və qardaş xalqın əsrlər boyu davam edən mədəni, siyasi və iqtisadi əlaqələrinə söykənən münasibətlərinin təsdiqinə çevrilən gecəyə, həmçinin Moskva şəhərinin və vilayətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyada fəaliyyət göstərən digər diaspor təşkilatlarının nümayəndələri qatılmışlar.
Dostluq gecəsi Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərindən bəhs edən videoçarxın nümayişi ilə başlanmışdır. Salona toplaşanlar Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli münasibətlərimizin yüksək səviyyəsindən bəhs edən çıxışlarını gurultulu alqışlarla qarşılamışlar.
Domodedovo Şəhər Administrasiyasının rəhbəri Dmitri Qorodetski tədbiri açaraq bildirmişdir ki, bu, Domodedovo şəhərində Azərbaycan-Rusiya dostluğunun sarsılmazlığını nümayiş etdirən növbəti tədbirdir. Gecədə rəsmi şəxslərlə yanaşı, Rusiya-Azərbaycan dostluğuna sadiq olan Domodedovo sakinlərinin iştirak etməsi olduqca sevindirici haldır. D.Qorodetski demişdir: " Videoçarxdan izlədiyimiz kimi, Vladimir Putin Azərbaycan iqtisadiyyatının inkişafından danışdı. Deməliyəm ki, Domodedovo da Azərbaycan kimi, sürətlə inkişaf edir və biz fəxr edirik ki, bu nailiyyətlərdə şəhərimizdə yaşayan minlərlə azərbaycanlının xidməti böyükdür. Onlar ən məsul vəzifələrdə çalışırlar və belə azərbaycanlıların ən tanınmış nümayəndəsi Azərbaycan diasporunun rəhbəri, Rusiyanın Əməkdar İnşaatçısı Əlizaman Rəhimovdur".
D.Qorodetski vurğulamışdır ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər bütün dövrlərdə həqiqətə, ədalətə və ləyaqətə söykənmişdir. O demişdir: "Mən sizi təbrik edirəm ki, sizin Azərbaycan kimi gözəl diyarınız vardır. Bizim şəhər dairəsinin ərazisindəki Domodedovo aeroportuna 82 aviaşirkətin, o cümlədən "Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarələri gəlir. Mən inanıram ki, Azərbaycan ilə Domodedodvo arasındakı hava körpüsü xalqlarımız arasında olan dostluq körpüsü kimi, daha da inkişaf edəcək və iqtisadi, mədəni və digər sahələrdə dostluğumuzun nəticəsi olaraq, şəhərimiz Azərbaycanın şəhərlərindən biri ilə qardaşlaşacaqdır ".
Ümumrusiya Azərbaycan Konqresi Moskva vilayəti üzrə regional bölməsinin rəhbəri, Rusiyanın Əməkdar İnşaatçısı Əlizaman Rəhimov çıxış edərək, xoş sözlərə görə təşəkkürünü bildirmiş, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə etmişdir.
Tədbirin sonunda Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı nümayiş etdirilmişdir.
AzərTAc